Nəqliyyatda da hamı bir nəfər kimi Sorğu

Nəqliyyatda da hamı bir nəfər kimi Sorğu

Hərbi qulluqçuların və polislərin ictimai nəqliyyat vasitələrindən və taksilərdən pulsuz istifadə etməsi qanunla təsdiq olunmuş bir qərardır. Lakin bununla bağlı bəzi nəqliyyat sürücüləri ilə polis arasında yaşanan qarşıdurmalar qeydə alınıb. Bununla da məsələ dəfələrlə müzakirə mövzusuna çevrilib.

Bu məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov SİA-ya münasibət bildirib: "Hər halda bu qanunvericiliklə tənzimlənmiş bir qərardır. Burada qeyri-qanuni heç nə yoxdur. Lakin mən şəxsən ictimai nəqliyyatdan istifadə edərkən tələb edilənləri ödəyirəm".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə məsələyə bu cür münasibət bildirib: ""Bakı Metropoliteni" qəbul edilmiş qərarlara uyğun fəaliyyət göstərir. Bu məsələ kiminsə xahişi ilə həyata keçirilmir. Əgər hökumət tərəfindən təsdiq edilmiş qərarda hərbiçilərin və polislərin ictimai nəqliyyatdan pulsuz istifadəsi nəzərdə tutulubsa, burada qeyri-qanuni heç nə yoxdur".

Uzun müddət marşrutda çalışmış avtobus sürücüsü Rövşən Məmmədov da məsələ ilə bağlı öz fikrini bildirib. Onun sözlərinə görə, hərbi qulluqçuların və polislərin marşruta pul ödəməməsi Rövşən bəyi elə də narahat etmir. Lakin onun fikrincə hərbi qulluqçular və polislər də digərləri kimi ictimai nəqliyyata pul ödəsə bu daha ədalətli addım olar: "Qanunla qəbul olunmuş qərara görə dövlət qulluqçuları və polislər nəqliyyata pul ödəməkdən azad ediliblər. Doğrusu bir sürücü kimi bu məni elə də narahat etmir. Çünki bu qanunla təsdiq olunmuş bir məsələdir və onlar marşruta pul ödəməyə bilərlər. Lakin bərabərlik baxımından onların da digər vətəndaşlar kimi pul ödəməsi daha ədalətli addım olardı".

Rövşən Məmmədovun praktikasına görə, hərbi qulluqçular adətən öz gediş haqlarını ödəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə