Dini Komitədə Ramazan ayı ilə bağlı müşavirə keçirilib

Dini Komitədə Ramazan ayı ilə bağlı müşavirə keçirilib

İyunun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib. Komitədən bildiriblər ki, müşavirədə DQİDK-nın rəhbərliyi, eləcə də qurumun Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə məlumat verərək bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ramazan ayı ilə bağlı tədbirlər planı hazırlanaraq təsdiq edilib. Bununla əlaqədar Dini Komitənin regional şöbələrinin üzərinə düşən vəzifələr müzakirə edilib. Komitə sədri Ramazan ayında Dövlət Komitəsinin şöbələrinin yerlərdə ayrı-ayrı məsələlərlə əlaqədar iş fəaliyyətini daha da gücləndirməli olduğunu deyib. Regional şöbələr Ramazan ayı ərzində faktiki gücləndirilmiş iş şəraitində fəaliyyət göstərməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər.

Mübariz Qurbanlı bu müddətdə Komitə üçün ölkədəki dini əhval – ruhiyyəni daha dərindən öyrənmək imkanının yarandığını söyləyib. Sədr Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc olunan Ramazan ayının təqviminə əməl edilməsinə nəzarətin də Komitənin və onun şöbələrinin üzərinə düşdüyünü deyib. Əlavə edib ki, buna görə də regional şöbələrin əməkdaşları tərəfindən yerlərdə monitorinqlər keçiriləcək.

Dini maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayan Mübariz Qurbanlı Ramazan ayında regional şöbələrin maarifləndirmə işində daha aktiv fəaliyyət göstərmələrinin vacib olduğunu bildirib. Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dini icmalara verilən maliyyə vəsaitinin dini maarifləndirmə işinə düzgün sərf edilməsi ilə bağlı şöbələrin rəhbərlərinə tövsiyələrini verib. O, bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda, radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirib.

Müşavirənin sonunda komitənin şöbələrinin ikinci yarım il üçün tədbirlər planı təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə