Daşkəsəndə möhtəşəm Novruz şənliyi keçirilib

Daşkəsəndə möhtəşəm Novruz şənliyi keçirilib

Daşkəsən rayonunda qədim milli bayramımız olan Novruz bayramı çox böyük təntənə, sevinclə, xoş xatirələrlə qeyd olunub. SİA-nın verdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb. Təhsil, səhiyyə və mədəniyyət sahələrində, bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda yüksək səviyyədə, gözəl Novruz bayramı tədbirləri həyata keçirilib. Demək olar ki, rayon əhalisi Novruz bayramı münasibətilə şən günlərini yaşayıb.

Bu gün Daşkəsən şəhərinin mərkəzində, Heydər Əliyev abidəsinin qarşısındakı meydanda Novruz bayramı münasibətilə Daşkəsən rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkil etidiyi ümumrayon şənliyində milli geyimli qız Novruzun rəmzi olan səmənini rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevə təqdim edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev ümumrayon şənliyində daşkəsənliləri Novruz bayramı münasibətilə təbrik edərək deyib :

- Ümummilli liderimiz Heydər Əliyev Novruz bayramı haqqında danışarkən demişdir: "Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Bu gün bu bayram tonqalının ətrafında toplaşmış bayram əhval – ruhiyyəli insanların əhatəsində birmənalı olaraq qeyd etməliyəm ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasi kurs ölkəmizin əldə etdiyi uğurların əsas amillərindən biridir. Ona görə də bu bayram əmin-amanlığın, ictimai-siyasi sabitliyin, ölkəmizdə gedən hüquqi, demokratik, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir.

Novruz Azərbaycan xalqının ən qədim el bayramı, milli birliyimizin təcəssümüdür. Bu bayram insanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadır. Xalqımız Novruz bayramını qeyd etməklə, həm də öz tarixi keçmişinə, milli dəyərlərinə bağlılığını nümayiş etdirir. Hər il Daşkəsən rayonunda Novruz bayramı sizin iştirakınızla geniş qeyd edilir, xalq yaradıcılığı günləri keçirilir, rəngarəng bayram tədbirləri təşkil olunur.

Ümumrayon şənliyində Daşkəsən rayon mədəniyyət evinin mahnı və rəqs ansamblı rəqslər təqdim edib, el ağsaqqalı Dədə Qorqud xeyir-dua verərək Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Bayram şənliyində xalq çalğı alətləri ansamblının ifasında kompozisiya təqdim edilmiş, muğam üçlüyünün və rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önündə uşaqlar Ulu Öndərimizə, Vətənimizə həsr olunmuş şeirlər söyləyiblər.

Əhəd Abıyev bayram şənliyində çıxışına davam edərək deyib: "Bu gün biz Daşkəsən rayonunda Ulu öndərimiz Heydər Əliyevin möhtəşəm abidəsinin önündə yerləşən meydanda Novruz bayramı münasibətilə ümumxalq şənliyinə toplaşmışıq. Builki Novruz bayramı dövlətimizin və xalqımızın həyatında çox mühüm və möhtəşəm tarixi hadisələrlə üst-üstə düşür. Müstəqillik olan tariximiz təkcə mübarizə tariximiz deyil, həm də inkişaf tariximizdir".

Əhəd Abıyev torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda mübarizələrdə canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, sabitliyimizin və sərhədlərimizin keşiyində dayananların bayramını təbrik edərək deyib ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu milli dəyərlər həmişə üstün tutulub, onlar qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilib.

Bu gün Ulu Öndərimizin milli-mənəvi dəyərlərimizin yaşadılması ilə bağlı siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə tanınır və qəbul edilir. UNESCO-nun Novruz bayramını dünya xalqlarının qorunan qeyri-maddi mədəni irsi siyahısına daxil etməsi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin isə Novruz bayramını - martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi milli dəyərlərimizin dünya miqyasında təsdiqinin ən gözəl nümunəsidir. Bu işlərdə milli-mədəni irsimizin ən böyük qayğıkeşi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir.

Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev rayon əhalisini bir daha Novruz bayramı münasibətilə təbrik edib, sonra Novruzun simvolu olan bayram tonqalını yandırıb.

Meydanın ətrafındakı geniş ərazidə ictimai-iaşə xidməti təşkil edilib, yerli fermerlərin istehsal etdikləri məhsullar təşkil edilib. Bayram şənliyinin iştirakçılarına rayonda hazırlanan müxtəlif növ milli yeməklər və şirniyyatlar təklif olunub. Tədbir iştirakçıları bu ictimai-iaşə xidmətini yüksək qiymətləndiriblər.

Zəngin təbiətə, əlverişli coğrafi şəraitə malik Daşkəsəndə yerli mədəniyyət və incəsənət ustalarının təqdim etdikləri mahnı və rəqs ifaları, idmançıların nümayiş etdirdikləri müxtəlif nömrələr bayram şənliyinin iştirakçılarında xoş ovqat yaratmışdır. Rayon mərkəzində bayram şənliyi başa çatdıqdan sonra Daşkəsən rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri həmişə olduğu kimi rayonun cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəyə əsgərlərlə görüşə getmişlər. Daşkəsən rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev və Respublika Hərbi Prokurorluğunun məsul vəzifəli işçisi polkovnik Mahir Əhmədovla birgə bayram hədiyyələrini – 10 ədəd xarici qızıl saat, 7 ədəd müasir tipli televizor, 5 ədəd elektrik generatoru, 300 ədəd bayram xonçası olan Novruz sovqatını əsgərlərə və zabitlərə təqdim ediblər.

Sonra Əhəd Abıyev əsgərlər və zabitlər qarşısında çıxış edib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı dərin məzmunlu nitqindən sonra əsgərlərlə görüş Daşkəsən rayon mədəniyyət və incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə