XX əsr insanlıq tarixinin ən qanlı dövrü hesab edilir. Bu əsrdə dünya müharibəsi, soyqırımı, əmək düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardmanlar, partizan müharibələri, terror əməliyyatları kimi əvvəlki əsrlərdə görünməmiş və eşidilməmiş vəhşilik üsulları ortaya çıxıb. Bu əsrdə sadaladığımız üsullarla 80 milyona yaxın insan qətlə yetirilib.
XX əsrin bu qədər qanlı olmasının iki mühüm səbəbi var. Birincisi, inkişaf edən texnologiyanın qədim dövrlərdə mövcud olan silahlarla müqayisədə daha öldürücü silahların istehsalına imkan yaratması, ikinci isə bu silahların istifadə edilməsinə səbəb olan ideologiyalardır. Təməlləri XIX əsrdə qoyulan müxtəlif "izm"lərin qanlı nəticəsi əsasən XX əsrdə görünüb. İosif Stalin günahsız insanları qətlə yetirir, kommunizmə tabe olmaq istəməyən hər kəsi məhv etməyə çalışırdı.
II Dünya müharibəsinin məşhur şəxsi, adı tarixə düşən, XX əsrdə haqqında ən çox bəhs edilən liderlərdən biri Adolf Hitlerdir. Hitlerin əsl məqsədi "Ari irq" olaraq səciyyələndirdiyi Alman irqini digər irqlərə hökmran etmək idi. Onun "dəyərsiz xalqları" əsarət altına almaq və qırmaq istiqaməti götürmüş işğalçılıq proqramı Polşanı məhv etməyi, İngiltərəni sıxışdırıb Avropa kontinentindən çıxarmağı, Fransanı işğal etməyi, Avropanın təbii sərvətlərinə yiyələnməyi, almanlara rahat və geniş ərazilər təklif etmək məqsədilə şərqə doğru hərəkət etməyi, Sovetlər Birliyini məhv edərək onun ərazisində "yeni həyat sahəsi" bərqərar etməyi nəzərdə tuturdu. Hitlerin siyasəti Almaniyanı fəlakətə doğru aparırdı. Hitler bir tərəfdən Almaniyanı iqtisadi və siyasi olaraq gücləndirərək genişləmə siyasətini həyata keçirmək, digər tərəfdən də Nasist ideologiyasının əhəmiyyətli bir parçası olan "üstün" irq fikrini yaymağa çalışırdı.
Nasistlər və liderləri Hitler üstün irqin yaradılması üçün yaxın zamanlarda təkrar gündəmə gələn "yevgenika" fikrini irəli sürdülər. Bu fikrin əsas mənası bu idi ki, "Şikəst və ya xəstə insanlar yox ediləcək, sağlam fərdlərin çoxaldılması təmin ediləcək və beləcə alman irqi islah ediləcəkdir". Şikəst, ruhi xəstə və ya xroniki narahatlığı olanlardan da təxminən 90 min insan öldürüldü. Bir dövlət siyasəti olaraq tətbiq olunan bu məhv etmə fəaliyyəti qısa bir müddət ərzində ari irqinə mənsub olmayanlara qarşı təcavüz və şiddət hərəkətlərini başlatdı. 1935-ci ildə Alman məclisinin qəbul etdiyi imperiya qanunu ilə yəhudilər və digər azlıqlar ikinci sinif vətəndaş elan edildilər.
Adolf Hitler və İosif Stalinin verdiyi fərmanla milyonlarla insan həlak oldu. Bu iki şəxsin oxşar cəhətləri nədən ibarətdir? Dünya xalqlarının mənəvi rahatlıq tapması üçün onları məhkəməyə vermək nə dərəcədə mümkündür?
Bununla əlaqədar olaraq millət vəkili Musa Qasımlı SİA-ya açıqlama verib. Bildirib ki, Hitler və Stalin arasında oxşarlıqla və fərqliliklərə həsr edilmiş bir neçə kitab xarici ölkələrdə nəşr edilib: "Özlərini idarəetmə metodlarına və digər xalqlara münasibətlərinə görə Hitler və Stalin arasında bənzərliklər vardır. Hitler Sağ yönümlü diktaturanın - Massional Sosializmləri diktaturasının qurucusudur. Stalin isə sol yönümlü diktaturanın – Bolşeviklərin diktaturasının qurucusudur. Onların hər ikisinin adı tarixdə qanlı idarəçilər kimi qalıb. Əgər Almaniyada Hitler yəhudilərə qarşı qırğınları həyata keçirirdisə, Stalin SSRİ-də yadfikirli insanlara qarşı qətliamlar törətdi. Onların hər ikisi diktator idi. Bilirsiniz ki, tarixi dəyişdirmək mümkün deyil. Tarix artıq olub və keçib. Düşünürəm ki, məhkəmə qərarı ilə tarix dəyişməz. Tarixi dərindən öyrənib, ibrət almaq lazımdır ki, gələcək dəyişsin. Bununla da gələcəkdə Hitler və Stalin kimi şəxslər hakimiyyət başına keçməsinlər. Tarix divan qurmaq, məhkəmə aparmaq üçün deyil. Bir sözlə tarixdən ibrət götürüb, mənfi hallardan imtina etmək, faydalı olanlardan yararlanmaq lazımdır".
Tarixçi Anar İsgəndərli: "Hər iki şəxs dünyanın ən qəddar adamları sırasında olub və öz maraqlarını təmin etmək üçün cinayətlər törədiblər. Hitler dünyanın hökmdarı olmaq istəyirdi. Stalin isə Sosializm cəmiyyəti qurmaq üçün milyonlarla insanın həyatına son qoymuşdu. Bu proseslər nə qədər ağır olsa da, tarixdə onların adı kifayət qədər çəkilir. Lakin onların adları tarixdə qəddar, amansız şəxslər kimi xatırlanır. Allahın yaratdığı insanı bəndə qırmamalıdır. Ən böyük insan xeyirxahlıq edib, xəstəyə şəfa verən, həmçinin insanlıq üçün kömək əlini uzadan hesab edilir. Düşünürəm ki, heç kim Hitler və Stalinin müsbət cəhətləri ilə öyünə bilməz. Fəxr edən şəxslər olsa belə, onların cəmiyyəti yeri olmayan insanlardır. Əgər dünya xalqlarının rahatlıq tapması üçün Hitler və Stalinin məhkəməyə verilməsi absurddur. Çünki onlar artıq dünyadan köçüblər. Onların məhkəməsində hakim olmur və onların hakimi bugünkü xalqlardır, yazılan tarixdir. Bir sözlə dünyanın hər yerində Hitler və Stalinin dünyaya çəkdiyi bu sitəmlər təbliğ olunur və hər iki şəxsə qarşı yeni nəsil tərəfindən lənətlər oxunur. Onların məhkəməsi də elə budur".
Hüquqşünas Murtuzəli Abbasov: "Vəfat etmiş şəxslərin məhkəmə qarşısına çıxarılmasının heç bir hüquqi anlamı yoxdur. Hitler və Stalin ideoloji daşıyıcı idi. Stalin komunizmi təbliğ edir, Hitler isə dünyaya sahib çıxmaq istəyirdi. Sonunda onların istəyi milyonlarla günahsız insanların həlakı ilə nəticələndi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB