Sabunçuda “Gənclər günü” qeyd olunub

Sabunçuda “Gənclər günü” qeyd olunub

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin "Gənclər evində" 2 fevral Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra gənclərə həsr olunmuş video rolik təqdim olunub.

Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova qeyd edib ki, bir dövlətin, xalqın gələcək haqqında əminliyi onu təmsil edən gəncliyə bağlıdır: "Dövləti təmsil edən gənclik sağlam formalaşdırılıbsa, bu siyasətin təməli sağlam qoyulubsa və ən əsası o istiqamətdə dövlət düşünülmüş siyasət yeridirsə, deməli bunun gələcəyi var. Ölkə Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, hər bir dövlətin həyata keçirdiyi siyasətin əsasında milli maraqlar dayanmalı və hər bir hakimiyyət öz xalqına söykənməlidir. Azərbaycan dövlətinin uğuru odur ki, bu siyasət xalqın maraqlarına söykənir və xalq da onu dəstəkləyir".

Daha sonra çıxış edən, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva qeyd edib ki, hər bir ölkədə müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından birbaşa asılıdır: "Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar".
Daha sonra rayonun ictimai-siyasi və mədəni tədbirlərində fərqlənən gənc və yeniyetmələr diplom və hədiyyələrlə təltif olunub. Tədbirin bədii hissəsində isə gənclər Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanın ifasını dinlədilər.

Bütün xəbərlər Facebook səhifəmizdə