ANS-çilər Çingiz zirvəzində Fotolar

Hikmət Əsgərov: "Hazırda ANS-çilər Xınalıq kəndindədir"
ANS-çilər Çingiz zirvəzində Fotolar

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin ad günü münasibətilə ANS-çilər bu gün Şahdağdakı Milli Qəhrəman Çingiz Mustafayev zirvəsini yenidən fəth ediblər. Bunu ANS TV-nin operatoru Hikmət Əsgərov deyib.

Hikmət Əsgərov qeyd etdi ki, avqust ayının 16-da Bakıdan çıxdıq və Qubaya çatdıq. "Həmin gün birinci düşərgədə gecələyib piyada ikinci düşərgəyə doğru istiqamətləndik. Şahdaq silsiləsində, buzlaqda gecələdik. Üçüncü gün isə, yəni bu gün avqust ayının 18-də səhər tezdən saat 07.00-da Çingiz zirvəzinə doğru yola düşdük. Saat 13.00 radələrində zirvəyə çatıb oranı ziyarət etdik. Bütün qrup üzvləri və 3 nəfər bələdçi zirvəni ziyarət etdikdən sonra geri qayıtdıq və hazırda Xınalıq kəndindəyik", - deyə Hikmət Əsgərov bildirdi.

Xatırladaq ki, avqust ayının 16-da səhər saat 07:00-da ANS TV-dən başlayan ziyarət bu gün uğurla Tufandağ silsiləsində, dəniz səviyyəsindən 4062.8 metr hündürlükdə yerləşən Çingiz zirvəsində sona çatıb.

Yola düşməzdən öncə operatorlar Azər Qarayev, Vüqar Yusifov, Vüsal Cəfərov və Hikmət Əsgərov təəssüratlarını ANS PRESS-ə bölüşmüşdülər.

Bu, Azər Qarayevin zirvəyə yeddinci səfəridir. Çingiz Mustafayevlə dost və həmkar olan Azər demişdi ki, hər dəfə səfərə çıxanda qürur hissi duyur. Ona elə gəlir ki, əziz dostu ilə görüşə gedir. Bu dəfəki ziyarətdə o, əsasən məsuliyyəti önə çəkdi. Axı dəstə başçısı olaraq uşaqların məsuliyyəti onun üzərindədir: "İlk dəfə Çingiz Mustafayev zirvəsinə 2003-cü ildə getmişdim. Kollektivdən çox şey asılıdır. Birinci dəfə bizimlə 4 alpinist ailəsi də qalxmışdı. Ən kiçiyinin 15 yaşı var idi. Ora qalxmaq ilk dəfə mənim üçün çox çətin idi. Lakin gördüm ki, məndən kiçiklər qalxırlar. Dedim ki, bəs onda mən niyə qalxmayım? Toxdadım və qalxdım. Hər dəfə də gedəndə birinci alpinistlərdən də qabaq özüm çatıram. Çingizlə yaxın dost idik. Həmişə onun görüşünə tələsirəm. Elə bil məni ora nəsə çəkir. Hər dəfə eyni hiss keçirirəm. Birinci dəfə ora çatanda, 20-25 dəqiqə Çingizlə tək qaldım. Özümü Çingizə 4062 metr yaxın hiss etdim".

Amma ilk dəfə Çingiz Mustafayev zirvəsini ziyarət edən Vüqar və Vüsalın həyəcanını heç kim yaşaya bilməzdi.

Çingiz Mustafayev zirvəsinə 3-cü dəfə yola düşməyə hazırlaşan operator Hikmət Əsgərov da həyəcanlı görünürdü: "Səfər zamanı qidalardan və geyimdən də elə istifadə etmək lazımdır ki, problem yaranmasın. Dağda günəşli olan ərazilərdə gün şüaları insanı yandırır. Kölgədə isə hava çox soyuq olur. Orada orta temperatur yoxdur. Səfər zamanı isti geyimlərə üstünluk verilir. Eyni zamanda geyimlər yüngül olmalıdır. Suyu çox ehtiyatla istifadə edirik. Ona görə ki, susuzluq olur, dodaq, boğaz quruyur. Hər qurtumun öz ağırlığı olduğu kimi çox su içmək olmaz. Dincələndə bir qurtumluq su verilir. Mənim üçün fəxr hissidir ki, Çingiz Mustafayev zirvəsinə gedirəm. Ora adamı elə çəkir ki, gedən bir də getmək istəyir".

Vüqar ilk dəfə getməyinə baxmayaraq heç bir qorxu hissi yox, qürur hissi duyduğunu qeyd edir. "O boyda zirvəni qət etmək, hər adamın işi deyil, İnşallah sağ-salamat gedib gələrik", - deyə Vüqar bildirmişdi.

Vüsal da eyni həyəcan və fəxr hissi keçirməklə yanaşı, özünün əsas məqsədini bizə danışmışdı. "Həyəcan var, qorxu hissi yoxdur. Çingiz Mustafayev zirvəsini ziyarət edəcəyimlə fəxr edirəm. Lakin bir əsas amalı qeyd etmək istəyirəm ki, çalışacam ki, bu dəfə zirvəyə ilk mən ayaq basım", - deyə Vüsal qeyd etmişdi.

Qeyd edək ki, ANS-çiləri Qubaya təcrübəli sürücü, ANS TV-nin nəqliyyat xidmətinin rəisi Xəqani Qurbanov "off-road" maşınla aparıb.

Hikmət Əsgərovun sözlərinə görə ANS-çilər sabah Bakıya çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə