DVC nümayəndəsinin bölgələrə işgüzar səfəri davam edir

DVC nümayəndəsinin bölgələrə işgüzar səfəri davam edir

DVC-nin Azərbaycanın müxtəlif regionlarından olan gənclərin fəallaşdırılması və əməkdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyəti davam edir. Bu istiqamətdə təşkilatın Regionlarla İş Üzrə Meneceri Canoğlan İlyasov Quba və Qusar şəhərlərində işgüzar səfərdə olub. SİA-nın məlumatına görə, səfər zamanı DVC-nin nümayəndəsi sözü gedən bölgələrin Gənclər və İdman İdarələrinin rəisləri, yerli gənclər təşkilatları və fəal gəncləri ilə bir sıra görüşlər keçirib, burada yerləşən Gənclər Evləri və Gənclər Mərkəzlərində gənclər üçün yaradılan imkanlarla tanış olub.

Qusar şəhərlərinə səfər zamanı, bu şəhərin Gənclər və İdman İdarəsinin rəisi və Qusar Regional Debat Mərkəzinin rəhbəri ilə görüşlər keçirilib. Debat Mərkəzlərində son aylarda həyata keçirilən fəaliyyətlə tanış olunub, gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb və yerli fəal gənclərlə görüşlər zamanı onların təklifləri dinlənilib.

Quba şəhərinə səfər zamanı yerli Gənclər və İdman İdarəsinin rəisi, burada yerləşən Gənclər Mərkəzinin Direktoru ilə görüşlər keçirilib. Görüşlərdə DVC-nin təqdimatı keçirilib və təşkilatın bugünə qədər Azərbaycanın bölgələrində fəaliyyəti ilə bağlı məlumat verilib. Görüşlərdə bu bölgələrdə Debat Mərkəzlərinin yaradılması əsas müzakirə mövzusu olub və yerli Gənclər və İdman İdarələrinin dəstəyi ilə yaxın zamanlarda Quba şəhərində Debat Mərkəzlərinin açılması planlaşdırılıb.

Məlumat üçün qeyd edək ki, növbəti ayda DVC-nin nümayəndəsinin Azərbaycanın daha 2 bölgəsinə - Sabirabad, Lənkərana səfəri planlaşdırılır.

Xatırladaq ki, hal-hazırda Bakı, Sumqayıt, Lənkəran, Sabirabad, Quba, Qusar, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir və Gəncədə Debat Mərkəzləri fəaliyyət göstərir. Debat Mərkəzləri gənclərin fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməssi, müxtəlif proqram və layihələrdə iştirakının təmin olunması məqsədi daşıyır. Debat Mərkəzlərində mütəmadi olaraq gənclərə debat, natiqlik, karyera inkişafı, sahibkarlıq və başqa mövzularda təlimlər keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə