Bakının Ziya Bünyadov prospektində həyata keçirilən əsaslı şəkildə yenidənqurma işlərinə bəzi sürücülər ciddi şəkildə maneələr törədir. SİA-nın məlumatına görə, bu sözləri Nəqliyyat Nazirliyi ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Yolun bir hərəkət hissəsində ikiqat alfalt-beton örtüyü işlərinin yekunlaşdığını deyən P. Mürsəliyev bildirib ki, artıq digər hissədə yolun əsaslı tikintisi işləri gedir: "Buna baxmayaraq, bəzi nəqliyyat vasitələrinin hərəkəti tikintiyə ciddi əngəl törədir. Orada nəqliyyat vasitələrinin park olunması, kimlərinsə avtomobilləri həmin ərazidə saxlaması və istənilən vaxt girib-çıxması, tikintiyə çox böyük maneələr törədir. "Azəryolservis" qrafiki qabaqlayaraq iyun ayının sonuna qədər həmin yolun Böyük Şordan Əhməd Rəcəbli küçəsinədək olan hissəsində axırıncı qat istisna olmaqla asfalt-beton işlərini tamamilə qurtarmağı nəzərdə tutub. Belə gedişlə əngəllər yaranacaqsa, təbii ki, tikintinin vaxtı gecikə bilər. Nəqliyyat vasitələrinin tikinti gedən əraziyə istənilən vaxtı girib-çıxması texnikaların işləməsinə çox böyük çətinliklər törədir".
P. Mürsəliyev onu da bildirib ki, sözügedən məsələ ilə bağlı həmin ərazidə yerləşən obyekt sahiblərinə də xəbərdarlıq olunub: "Orada pəncərə, maşın təmiri sexləri var ki, bu da təmir işlərinin aparılmasına mane olur. Artıq yolun əsas hissəsi hazırlanıb ki, belə davam getsə, o da bərbad günə düşəcək. Artıq iş gedən müəyyən hissədə asfalt-beton işləri görülüb və orada nəqliyyat vasitələrinin hərəkəti tam bərpa edilib. Dəfələrlə obyekt yiyələrinə də deyilib. Amma bununla belə, yenə də nəqliyyatın intensiv hərəkəti davam edir. Bu da tikintinin işinin vaxtında bitməsinə əngəl törədəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB