“Yaşayaq və Yaşadaq” adlı qanvermə aksiyası keçirilib

“Yaşayaq və Yaşadaq” adlı qanvermə aksiyası keçirilib

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşkil etdiyi talassemiyalı uşaqlara yardım naminə "Yaşayaq və Yaşadaq" adlı qanvermə aksiyası keçirilib. SİA-nın məlumatına görə, qanvermə aksiyasında Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak ediblər.

Aksiya YAP Nərimanov rayon təşkilatının qərargahında təşkil edilib.

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfuziologiya İntitutunun Mərkəzi Qan Bankının həkim briqadası aksiya iştirakçılarını müayinə edərək qan alınmasını təmin ediblər.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bu cür aksiyanın keçirilməsinin artıq ənənə halı aldığını bildirib: "Rayon təşkilatı hər il qanvermə aksiyası keçirir. Bu aksiyada 600 nəfərdən çox insan iştirak edir. Onlar könüllü olaraq bizim çağırışımıza səs veriblər. Bu, onu göstərir ki, talassemiyalı uşaqlara kömək etmək çox humansit və xeyirxah addımdır. Respublikanın Talassemiya Mərkəzi Nərimanov rayonunda yerləşir. Burada toplanan qan həmin mərkəzə veriləcək ki, bu xəstəlikdən əziyyət çəkən uşaqlara dəstək olsun. Bu tədbirlər davamlı olacaq. Düşünürəm ki, bu aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən, uşaqlara böyük yardım edəcək. Bu aksiya Ulu Öndər Heydər Əliyevə həsr edilən həmin tədbirlərin tərkib hissəsidir".

YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara qan yardımı etməkdən ibarət olduğunu diqqətə çatdırıb: "Bu, çox xeyirxah missiyadır. Belə missiyalar gələcəkdə də davam edəcək. Bu aksiyada rayonun qadınları da fəal iştirak edirlər".

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı isə bu aksiyada gənclərin fəallığını xüsusi vurğulayıb: "Mən öncə humanitar aksiyanın təşkilatçılarına təşəkkür edirəm ki, belə bir xeyirxah tədbir təşkil ediblər. Ümumiyyətlə, bu cür tədbirlər partiyamız, eləcə də rayonumuz tərəfindən mütəmadi olaraq həyata keçirilir. Gənclərimizin sayı da ötən illərdən daha çoxdur. İştirakçıların təxminən yarısı gənclərdən ibarətdir. Bu da qürurverici haldır ki, gənclərimiz könüllü olaraq bu aksiyalarda iştirak edərək irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara öz köməkliklərini göstərmiş olurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə