"Yaşlı nəslin təcrübəsindən faydalanaq" Tədbir- FOTOLAR

"Yaşlı nəslin təcrübəsindən faydalanaq" Tədbir- FOTOLAR

Səbail rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Yaşlı nəslin təcrübəsindən faydalanaq" mövzusunda genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rayon İcra Hakimiyyəti və AQUPD-nin, Gənclər və İdman İdarəsinin, rayon ictimaiyyətinin, Veteranlar və Ağsaqqallar Şuralarının nümayəndələri, ağbirçəklər, gənc ailələrin nümayəndələri, ali təhsil müəssisələrinin tələbələri və gənc müəllimlər, ziyalılar, gənc fəallar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Vilayət Əliyev tədbirin məqsədi və məramı barədə məlumat verib, Azərbaycanda ailə və mili-mənəvi dəyərlərin qorunub saxlanılması, ailənin möhkəmləndirilməsi ilə bağlı maariflənmə işlərinin vacibliyindən, aprelin 28-də 91 yaşı tamam olan görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın fəaliyyətindən, onun necə həkim, qadın və ana olması, öz həyatı ilə bu günkü gənclərə nümunə olmasından danışıb.

Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, qloballaşan dünyada ən aktiv və bariz məqamlardan biri sosial mənəvi mühitin saflığının təmin olunması məsələsidir: "Qarşımızda duran əsas məsələ gənclərdə özünü müdafiə, sosial instinktin formalaşmasıdır ki, bu istiqamətdə də alimlərimizin, ziyalılarımızın, ağsaqallarımızın, ağbirçəklərimizin üzərinə böyük məsuliyyət düşür".

Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova dövlət ailə siyasətinin dəstəklənməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması, ailə həyatına hazırlığı məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirlərin keçirilməsinə verilən önəmdən, bu sahədə dövlət tərəfindən görüldüyü işlər haqqında danışıb: "Azərbaycanın birinci xanımı xalqımızın milli-mənəvi dəyərlərinin qorunaraq, gələcək nəsillərə ötürülməsində müstəsna rola malikdir. Hazırda milli dəyərlərimizin və mədəniyyətimizin fəal təbliğatçısı, ümummilli problemlərin dünya müstəvisinə çıxarılmasında əvəzsiz xidməti olan Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınlarının, eləcə də dünya qadınları üçün əsl örnəkdir. Cəmiyyət kiçik ailələrdən ibarətdir və ailələrdə yaranan problemlərin cəmiyyətdə öz əksini tapması və buna görə də cəmiyyətin formalaşmasında əsas fiqur kimi qadının böyük rolu var".

Tədbirdə həmçinin Əməkdar müəllim Bela Cəlilova, Qadınlar Cəmiyyəti Səbail rayon təşkilatının sədri Rəfiqə Qazıyeva, ADPU-nin dosenti Həqiqət Hacıyeva, universitetin kafedra müdirləri İramin İsayev, Müseyib İlyasov, Elmi kitabxananın direktoru Azər Hüseynov, I kurs tələbəsi Aytac Fərzəliyeva, universitetin tələbə gənclər təşkilatının sədri Sahil Qələndərov, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, universitetin elmi katibi Laçın Həsənova, filologiya fakultəsinin dekan müavini Pəri Paşayeva və başqaları çıxış edərək mövzunun aktuallığı və əhəmiyyəti barədə fikirlərini bildiriblər.

İştirakçıların yüksək fəallığı ilə müşaiyət olunan tədbir ərzində maraqlı təkliflər səslənib və fikir mübadiləsi aparılmış, universitetin tələbələri anaya, qadına həsr olunmuş şeirlər oxuyublar.

Sonda tədbir iştirakçılarına məlumatlandırma vəsaitləri paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə