Vaqif Əsədov: “Bakı şəhəri üzrə 30 mindən artıq piyada saxlanılıb” AÇIQLAMA
"Bakı şəhəri üzrə baş verən ümumi yol qəza hadisələrində piyadaların vurulması halları, ümumi hadisələrin 47 faizini təşkil edir". Bunu SİA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov piyadaların onlar üçün təyin olunmamış yerdən keçərkən polislə aralarında yaranan narazılığına münasibət bildirərkən deyib.
Şöbə rəisinin sözlərinə görə, piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması məqsədilə idarə tərəfindən lazımi tədbirlər görülür: "2014-cü ilin əvvəlindən bu günə kimi Bakı şəhəri üzrə 30 mindən artıq piyada saxlanılaraq cərimə edilib. Lakin göründüyü kimi, yenə də piyadalar bundan narazılığını bildirir. Sözsüz, cəza tədbirlərinin keçirilməsi heç kimin ürəyincə deyil. Əlbəttə ki, bilmədim, görmədim, tələsirdim və s. bu kimi ifadələrlə məsuliyyətdən boyun qaçıran piyadalar da var. Hərhalda, yol hərəkəti haqqında qanun var və bu qanundan irəli gələn tələblər müzakirə edilmədən yerinə yetirilməlidir. Çalışmaq lazımdır ki, bu kimi xoşagəlməz hallar baş verməsin. Təbii ki, bunun üçün nizam-intizamlı olmaq, küçə və yollarda təhükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində təbliğat işlərini artırmaq, eləcə də bu sahə üzrə gedən tədbirlərə qoşulmaqla, yol qəza hadisələrinin sayını minimuma endirməyi tövsiyyə edirik. Hesab edirəm ki, bu gün piyadaların təyin olunmayan yerlərdən keçməsi və nəticədə onların polis tərəfindən saxlanılması, həm də ailə büdcəsinə zərər vurmuş kimi düşünülür".
Vaqif Əsədov həmçinin Novruz bayramı ərəfəsində polisin gücləndirilmiş iş rejimində işləməsi məsələsinə də toxunaraq deyib ki, istənilən şəraitdə təhlükəsizliyin təmin edilməsi vacib şərtlərdən biridir: "Novruz bayramının keçirildiyi ərəfədə sözsüz ki, paytaxt ərazisindəki bir neçə məntəqələr boyu tədbirlərin keçirilməsi planlaşdırılıb. Beləcə, təhlükəsizliyin tam təmin edilməsi üçün müəyyən tədbirlər həyata keçiriləcək. Həmin ərəfədə polis gücləndirilmiş rejimdə öz iş qrafikini quracaq. Əlbəttə, məqsədimiz hər bir hərəkət iştirakçısının öz mənzilinə sağ-salamat çatmasını təmin etmək və bununla da yol qəza hadisələrinin sayını minimuma endirməkdir. Tərəfimizdən bu istiqamətdə zəruri tədbirlər həyata keçiriləcək.
Novruz bayramında dövlət əhəmiyyətli tədbirlə əlaqədar olaraq tərəfimizdən Dənizkənarı Bulvar boyu və Neftçilər prospekti ilə avtomobillərin yol zolaqları üzrə sıx cərgələnməsinin, eləcə də sıxlığın, yol qəza hadisələrinin, tıxacların yaranmaması üçün istiqamətin dəyişdirilməsi baş tuta bilər ki, bu barədə də qabaqcadan məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB