“Gənclik dövrünün depressiyası”

“Gənclik dövrünün depressiyası”

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə, Tibbi biliklərinm əsasları və Bədən tərbiyəsi kafedrasının təşəbbüsü, baş müəllim Nazim Məmmədovun təşkilatçılığı ilə "Gənclik dövrünün depressiyası" mövzusunda tədbir keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Mülki müdafiə, Tibbi biliklərinm əsasları və Bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Fuad İsmayılov, Pedaqoji və Filologiya və Jurnalistika fakültələrinin tələbələri iştirak edib.

Tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mülki müdafiə, Tibbi biliklərinm əsasları və Bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda Zamanova çıxış edərək rəhbərlik etdiyi kafedranın mütəmadi maarifləndirici tədbirlər həyata keçirdiyini deyib.

Sonra Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru Fuad İsmayılov "Depressiya" adlı təqdimatla çıxış edib. F. İsmayılov bildirib ki, depressiya ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Professor qeyd edib ki, genetik və ya biokimyasal səbəblər, ətraf şərtlər və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. F. İsmayılov vurğulayıb ki, XXI əsrdə depressiya daha da gəncləşib. O, söyləyib ki, depressiya daha çox 15-34 yaş aralarında müşahidə olunur. Bu haqda geniş məlumat verən F. İsmayılov əhvali-ruhiyyənin, marağın və zövq alma hissinin itirilməsi, fəallığın azalması və tez yorulma kimi halların depressiyanın əsas simptomlarından olduğunu diqqətə çatdırıb.

O, depressiyadan psixoterapiya, dərman müalicəsi və elektrokonvulsiv müalicə üsulları ilə qurtulmağın mümkün olduğunu vurğulayıb.

Tədbirdə son zamanlar cəmiyyətimizdə depressiya və intihar hallarının artması təəssüf doğuran hal kimi vurğulanıb. Bu kimi halların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlərin artırılmasının vacibliyi qeyd olunub. Çətinliyə düşən zaman intihara yol atmağın çıxış yolu olmadığı gənclərə tövsiyyə olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə