Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclası keçirilib FOTO

Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclası keçirilib FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının ilk iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin rəhbərləri, elmi müəssisələrin direktorları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, Direktorlar Şurasının sədri, akademik Akif Əlizadə gündəlikdə duran məsələlər haqqında məlumat verib. Bildirib ki, Şura AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı ilə yaradılıb. Məqsəd AMEA-da idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr arasında qarşılıqlı əlaqələrin yaradılması, onların iş təcrübəsinin ümumiləşdirilməsi, tədqiqat işlərinin aparılması üçün səmərəli mexanizmlərin hazırlanması, həmçinin inzibati-idarəetmə heyətinin peşəkarlığının yüksəldilməsidi.

Akademik iclasın gündəliyindəki ilk məsələdən söhbət açaraq AMEA-nın elmi müəssisələrinin hesabat formatlarının müasir tələblərə cavab vermədiyini vurğulayıb, bu baxımdan hesabatların forma və tərtibatlarına diqqət yetirməyi tövsiyyə edib. Alim bölmələrin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə mütəmadi iclasların keçirilməsi və bu kimi görüşlərdə müvafiq dövlət təşkilatlarından mütəxəssislərin iştirakının zəruriliyini ifadə edib.

Akademiyada həyata keçirilən mühüm işlərin kütləvi informasiya vasitələrində işıqlandırılmasının vacibliyini vurğulayan A.Əlizadə bildirib ki, aparılan elmi-tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdəndir. Akademik Akif Əlizadə AMEA-nın bütün institut və təşkilatlarında ictimaiyyətlə əlaqələrə məsul şəxslərin müəyyənləşdirilməsinin vacibliyini də qeyd edib.

AMEA prezidenti elmi kadr hazırlığı məsələsinə də toxunub. O, qeyd edib ki, "Gənclər üçün Prezident Mükafatı"na namizədliyi Rəyasət Heyətinə təqdim olunan alimlər gələcək kadrlar kimi böyük potensiala malikdir. Elmi müəssisələrin rəhbərləri onların tədqiqatlarının daha da inkişaf etdirilməsinə çalışmalıdır. Gənc tədqiqatçılar Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndərilməli, onların tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirə olunmalıdı.

"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın yekunlaşmaq üzrə olduğunu xatırladan akademik Akif Əlizadə AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanmasını tövsiyə edib. Nəzərə çatdırıb ki, Akademiyanın bütün elmi müəssisə və təşkilatlarının kollektivləri bu istiqamətdə öz təkliflərini Rəyasət Heyətinə təqdim etməlidi.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev alimlərin sosial problemlərinin həlli ilə bağlı görülən tədbirlər haqqında çıxış edib. Bildirmişdir ki, AMEA-da fəaliyyət göstərən alim və mütəxəssislərin mənzil problemlərinin həlli ilə yanaşı, yaxın gələcəkdə akademiyanın nəzdində müasir tələblərə cavab verən tibbi, ticarət və istirahət mərkəzlərinin də yaradılacağı nəzərdə tutulur. O, bu istiqamətdə mövcud problemlərin kollektiv həllinin zəruriliyini diqqətə çatdırıb.

Gündəlikdəki məsələlərlə bağlı AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Kamal Abdullayev, AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, müxbir üzv Vaqif Abbasov, AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, müxbir üzv Adil Qəribov, Şamaxı Astrofizika Rəsədxanasının direktoru, müxbir üzv Əyyub Quliyev, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva və başqaları öz çıxışlarında görüşün əhəmiyyətini vurğulayaraq, Direktorlar Şurasının təsis olunmasını, elmi qurumun gələcək fəaliyyətinin daha səmərəli təşkilində böyük rol oynayacağını bildirib.

İclasda Azərbaycan alimlərinin qurultayı və elm festivalına hazırlıq, institut və təşkilatların idarəetmə sisteminin gücləndirilməsi, doktoranturaya qəbul və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, rəy və təkliflər səsləndirilib.

Akademik Akif Əlizadə AMEA-nın 70 illik yubileyi, Azərbaycan alimlərinin I qurultayı və elm festivalına hazırlıq haqqında da danışıb. Həmçinin, Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyası Şurasının iclasının Bakıda keçirilməsi təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə