İki gün öncə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyası media mənsublarının da qatıldığı tədbirdə seçkilərlə bağlı hesabatını açıqladı. Mətbuatda bu hadisə geniş işıqlandırıldı. Orada iştirak edən mətbuat nümayəndələrinin çıxışları, verdikləri suallar müxalifət düşərgəsində kifayət qədər narahatlıq yaradıb. Hətta jurnalistlərin verdikləri sualları daha çox siyasətçi mövqeyi kimi şərh edənlər də tapılıb.
SİA-nın əməkdaşı tədbirdə iştirak etmiş "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevin məsələ ilə bağlı fikirlərini öyrənib.
- Bəhruz müəllim, ATƏT/DTİHB-nin seçkilərlə bağlı hesabatı açıqlanarkən siz də missiya rəhbərlərinə suallar verdiniz. Amma sizin suallarınıza müxalif ekspertlər Rauf Arifoğlu, Arif Əliyev və digərləri rəy bildirərək bunun "jurnalist etikasına sığmadığını" deyiblər. Necə düşünürsünüz, onların ittihamında əsas varmı?
- Əvvəla onu qeyd etmək istəyirəm ki, məni jurnalist etikasından kənar çıxış etməkdə ittiham edən "ekspertlər"in heç biri həmin tədbirə qatılmamışdılar. Onların fikirləri müxalifət qəzetlərində dərc olunan yalan informasiyalar üzərində qurulub. Onlar həmişə belədirlər, lazımi məqamda ya susurlar, ya da qaçıb gizlənirlər. Həmin "ekspertlər" tədbirdə olsaydılar, mənim sualımın nədən ibarət olduğunu yaxşı eşidər və bundan sonra şərh verərdilər. İkincisi, mən ATƏT/DTİHB-nin müşahidə missiyasının rəhbərliyinə reallıqla uyğun gəlməyən hesabat verməsinin səbəbini soruşmuşam. "Ekspertlər"in yadına bir daha salmaq istəyirəm ki, jurnalist istədiyi sualı verə, hətta qane etmədiyi cavabı da ala bilər. Əgər mən siyasi sual vermişəmsə, bunu jurnalist etikasından kənar adlandırmağın özü etikadan kənar qərəzli mövqedir. Əslində həmin tədbirdə gərginliyin yaşanmasının günahı təşkilatçılarda və müxalifət tərəfdarlarında oldu. Niyə mən "müxalifət tərəfdarları" ifadəsini işlədirəm, çünki həmin tədbirdə jurnalist olmayan, müxalif siyasi partiyalarda çalışan insanlar daha çox qatılmışdı. Və onlar da jurnalist kimi sual verirdilər. Niyə mənim sualıma siyasi don geyindirib "jurnalist etikasından kənar" adlandıran Rauf Arifoğlu və Arif Əliyev və digərləri mətbuat konfransında çıxış edən və prezidentin ünvanına qərəz, şər-böhtan yağdıran Müsavat başqanının qadın müşaviri haqqında bircə kəlmə də danışmırlar? Görünür, onlara sərf etmir. İkinci etirazımız tamam texniki məsə idi. Bu da tədbirdə daha çox müxalifətyönlü jurnalistlərə şərait yaradılması ilə bağlı idi. Biz sual vermək üçün cəhdlər etsək də mikrofon yalnız müxalifət jurnalistlərinə verilirdi. Belə görünürdü ki, missiya rəhbərliyi yekun bəyanatı hələ Azərbaycana gəlməmişdən qabaq hazırladıqları kimi, mətbuat konfransının ssenarisini də əvvəlcədən yazmışdı. Bu da əksər jurnalistlərin narazılığına səbəb oldu.
- Müxalifətin ekspertləri sizin çıxışlarınızı jurnalist olmaqdan çox siyasətçi davranışı kimi şərh ediblər. Sizcə, jurnalist siyasətçi kimi çıxış edə bilərmi?
- Bilirsiniz, jurnalistikanın öz yeri var, siyasətin öz yeri. Bunların yeri dəyişik salınanda təbii ki, nəticəsi də yaxşı olmur. Mən "Səs" qəzetinin baş redaktoruyam. Mətbuata aid olan bütün məkanlarda jurnalist, baş redaktor kimi davranıram. Heç bir jurnalist etikasından kənar hərəkətlərə yol verməmişəm. Bütün davranış və addımlarımı ölçüb-biçmişəm. Müxalifətyönlü mətbuatın jurnalistləri kimi siyasi aksiyalarda iştirak etməmişəm, siyasi motivli bəyanatlar səsləndirməmişəm, asayiş keşikçiləri ilə əlbəyaxa olmamışam. Arif Əliyev bir "ekspert" kimi deyə bilərmi ki, müxalifət mətbuatının yazarı, onların yaxın dostları Şahvələd Çobanoğlu, Azadlıq radiosunun redaktoru Xədicə İsmayılova, həmin radionun digər əməkdaşlarının və onunla həmdərd olan Rauf Arifoğlunun siyasi çıxışlarına niyə belə operativ şərh vermir? Niyə Xədicənin, Şahvələdin bir qrup başıpozuq gəncin qabağına düşüb siyasi aksiyalar keçirməsinə, polislərə qarşı zorakılıq əməllərinə münasibət bildirmir? Bəs onlar jurnalist deyillər? Bir sözlə adları çəkilən bu "ekspertlər"ə tövsiyyəm budur ki, fikir bildirməmişdən qabaq papaqlarını qarşılarına qoyub dərindən fikirləşsinlər. Müxalifət jurnalistlərinə də məsləhətim budur ki, Azərbaycan xalqının maraqları naminə sağlam düşüncə ətrafında birləşməyi bacarsınlar. Çünki bu addım hamımız üçün, bütün xalqımız üçün çox vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB