Nazirlik cari ilin ilk 6 aylıq hesabatını açıqladı

Nazirlik cari ilin ilk 6 aylıq hesabatını açıqladı

"2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"nın icrası olaraq, 2013-cü ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti tərəfindən cari ilin aprel ayında 35 nəfər əlilin Ukraynanın Saki şəhərindəki sanatoriyada 28 günlük bərpa-müalicəsinə və ilk dəfə olaraq qrup halında daha 30 nəfər əlil şəxsin 20 günlük bərpa-müalicə kursu keçmək üçün Latviya Respublikasının Yurmala şəhərinə göndərilməsi təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda bu sahədə işlər davam etdirilir və yaxın günlərdə daha 30 nəfər əlil Ukraynaya bərpa-müalicəsinə göndəriləcək.

Bərpa müalicəsinə göndərilən şəxslərin nəqliyyat, müalicə və digər xərcləri Proqramda nəzərdə tutulan vəsaitdən ödənilib. Eyni zamanda, onların hava limanından yola salınması və qarşılanmaları, müşayiətçi şəxslərlə təmin edilmələri üçün bütün zəruri tədbirlər görülüb.

Qeyd olunan dövrdə Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya"sının qərarı əsasında 39 nəfər əlilin fərdi qaydada respublikadan kənar müalicəyə göndərilməsinə, 9 nəfərin respublika daxilində müalicəsinə köməklik göstərilib. Həmçinin cari ilin may ayında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir keçirilib. Tədbirdə ölkənin müxtəlif bölgələrində yaşayan istedadlı əlillərin Ümummilli lider Heydər Əliyevə və akademik Zərifə xanım Əliyevaya, Azərbaycan Respublikasının dövlət rəmzlərinə, təbiətinə, musiqi alətlərinə həsr etdikləri sənət nümunələri nümayiş etdirilib və istedadlı əlillərə yubiley münasibəti ilə Fəxri Fərmanlar verilib.

Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maddi və texniki yardımın təşkili işlərini davamı kimi, cari ilin ötən dövründə 20 Yanvar faciəsinin ildönümü əlaqədar 434 nəfər əlil və şəhid ailəsinə, Çernobıl qəzasının ildönümü ilə əlaqədar həmin qəzada xəsarət almış 500 nəfər əlilə, 9 May -Faşizm üzərində Qələbənin ildönümü münasibəti ilə bir qrup müharibə veteranına birdəfəlik maddi yardım verilib.

Bununla yanaşı, Nazirlikdə rəhbərlik tərəfindən qəbul edilən və sosial vəziyyəti çətin olan 74 nəfər əlilin müraciətinə Nazirliyin "Əlillərin tibbi reabilitasiya və sosial-məişət problemlərinin həllinə köməklik göstərən Komissiya"sının iclasında baxılaraq, onların sosial-məişət problemlərinin həll edilməsinə müvafiq maddi köməkliklər göstərilib.

Vətəndaş cəmiyyətlərinin yaxından iştirakı ilə əlillərin hüquqi maarifləndirilməsi, onların cəmiyyətə inteqrasiyası, istedadlarının aşkara çıxarılması, məşğulluğa təşviq edilməsi və sair istiqamətlərdə sosial layihələr həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə