Qənirə Paşayeva türk nümayəndə heyəti ilə görüşüb

Qənirə Paşayeva türk nümayəndə heyəti ilə görüşüb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan Konya Meram bələdiyyəsinin sədri Serdar Kalayçı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyəli əlaqələrin olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva hər iki ölkənin bələdiyyələri arasında da əlaqələrin getdikcə genişlənməsinin məmnuniyyətverici olduğunu bildirib. Bu yaxınlarda Azərbaycanın Şəki şəhər bələdiyyəsi ilə Konya, Meram bələdiyyəsinin qardaşlaşdığını xatırladan millət vəkili Qənirə Paşayeva dost, qardaş ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə daha da genişlənməsinin vacibliyini xüsusi vurğulayıb.

Millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.

Qənirə Paşayeva Konyada, Meramda qədim Şəkinin adını daşıyan parkın qurulub istifadəyə verdikləri üçün, Azərbaycanın Konyada daha yaxşı təbliği və tanınması istiqamətindəki fəaliyyətlərinə görə Meram bələdiyyə başqanı Serdar Kalayçıya təşəkkür edib.

Azərbaycana səfəri çərçivəsində Konya, Meram bələdiyyəsi ilə qardaşlaşmış və Şəki şəhərini ziyarət etməsindən və keçirdiyi görüşlər barədə məlumat verən bələdiyyə sədri bu günə qədər olduğu kimi bundan sonra da Türkiyənin daima qardaş Azərbaycanın yanında olacağını deyib. O, həmçinin Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini və iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan həqiqətləri, mədəniyyəti, özünün yenidən çapdan çıxan "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası kitabı" və albomlarını hədiyyə edib.

Meram bələdiyyəsinin sədri Serdar Kalayçı millət vəkili Qənirə Paşayevaya bütün Türk- müsəlman dünyasının çox böyük dəyər verdiyi Mövlanə Həzrətlərinin portretini, ney musiqi alətini və Konyanın dini-mənəvi mühiti ilə bağlı hədiyyələri və materialları bağışlayıb.

Qeyd edək ki, Konya, Meram bələdiyyəsinin sədri S.Kalayçının rəhbərliyi ilə 24 nəfərdən ibarət heyət Azərbaycanda səfərdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə