“Sahil bağı”nda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi FOTO

“Sahil bağı”nda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi FOTO

Bu gün "Sahil bağı"nda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunan əyləncəli bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, bayram günü ilə əlaqədar müxtəlif sahələr üzrə istedadı olan uşaqların, idmançıların, əlil və sağlamlığı məhdud olan, həmçinin rayonun aztəminatlı ailələrinin uşaqları üçün maraqlı konsert proqramı təşkil edilib.

Tədbiri açıq elan edən Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev tədbirdə iştirak edən bütün uşaqları və onların valideynlərini bayram münasibəti ilə təbrik edib. Bayramın tarixçəsindən danışan E. Ağayev bildirib ki, hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşadək uşaqlar təşkil edir: "Uşaqlar dövlət tərəfindən hər zaman hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Azərbaycanda Uşaq siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyub".

Məlumat üçün bildirək ki, tədbirdə Səbail rayonunun orta məktəblərində və Uşaq musiqi məktəblərində təhsil alan, mədəniyyət müəssisələrində, dərnəklərdə, məşğul olan istedadlı uşaqların ifasında konsert proqramı təşkil olunub. Bununla yanaşı, gənc idmançıların iştirakı ilə nümunəvi çıxışlar və istedadlı uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, bugünkü tədbir Səbail rayon İcra Hakimiyyəti, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və "Word Vision İnternational" təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə