Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi (AMM İB) tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi ilə bağlı ictimai müzakirə aparılıb. SİA-nın məlumatına görə, tədbirdə AMM İB-in prezidenti Əlövsət Əliyev, millət vəkili Çingiz Qənizadə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Nümayəndəliyinin Hüquq Şöbəsinin rəhbəri Aleksandr Novikau, İctimai Bilriyin hüquqşünasları Aynurə Gözəlova və Asima Nəsirli, təşkilat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Əlövsət Əliyev açaraq bildirib ki, Azərbaycanda miqrasiya sahəsindəki münasibətləri tənzimləyən müxtəlif qanunvericilik aktlarının vahid məcəllə şəklinə salınması miqrasiya idarə etmə sistemini inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir. Onun sözlərinə görə, Məcəllə layihəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra dəyişikliklərin olması müsbət haldır: "Məcəllə layihəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin inteqrasiya məsələləri nəzərdə tutulmayıb və birbaşa immiqrant statusu almaq hüquq məhdudlaşdırılıb. Eyni zamanda Azərbaycanda müvəqqəti yaşamağa görə icazənin alınması üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 500 000 manat investisiya tələbi qoyulub. Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərlə başqa ölkələrdə daimi yaşayan və Azərbaycanda müvəqqəti və ya daimi yaşayan vətəndaşlığı olmayan şəxslər fərqləndirilmir".
Digər tədbir iştirakçıları da layihə ilə bağlı fikir səsləndirib, təkliflər irəli sürüblər. Sonda rəylər və təkliflər toplanaraq ümumiləşdirilib və layihəyə əlavə edilməsi üçün Milli Məclisin müvafiq komitəsinə və millət vəkillərinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB