Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı faciəsinin 21-ci ildönümü haqqında 14 fevral 2013-cü il tarixli Sərəncamına uyğun olaraq Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər Təşkilatının geniş tədbirlər Planı hazırlanıb, təsdiq edilib. SİA-nın məlumatına görə, tədbirlər Planına əsasən "Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı cinayətdir" mövzusunda elmi-praktik konfransda Heydər Əliyev Universitetində seminarların, dəyirmi masaların, şəhərimizdə məskunlaşan Xocalı sakinləri ilə görüşlərin keçirilməsi, maddi yardım göstərilməsi, ədəbi-bədii kompozisiyaların, sərgilərin təşkili, Xocalı soyqırımının tanınması ilə bağlı "Ağ Ev"in rəsmi internet səhifəsində yerləşdirilmiş petisiyaya imzatoplama kampaniyasında gənclərin fəal iştirakını təmin etmək nəzərdə tutulub.
Tədbir planına uyğun olaraq, Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalı sakinlərinə 25 fevral 2013-cü il tarixində gün ərzində tibbi xidmət göstəriləcək. Müayinə və müalicə profilaktika işi aparılacaq. 26 fevral 2013-cü il tarixində şəhər rəhbərliyi, ağsaqqallar, partiya fəalları, ictimaiyyət nümayəndələri Hacıkənd qəsəbəsində və digər məntəqələrdə məskunlaşmış Xocalı sakinləri ilə görüşlər keçirəcəklər. Xocalı sakinlərinə ehsan süfrələri acılacaq və Xocalı şəhidlərinin ailələrinə maddi yardım olunacaq.
22 fevral 2013-cü il tarixdə YAP Gəncə şəhər Təşkilatında Xocalı soyqırımı ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı ilə birgə, şəhər Ağsaqqallar Şurası üzvlərinin, ziyalıların, və gənclərin iştirakı ilə tədbir keçirib. Tədbir İsmət Qayıbov adına şəhər 1 saylı tam orta məktəb şagirdlərinin xalq şairi Mirvarid Dilbazinin "Xocalı fəryadı" pyesi əsasında hazırladıqları ədəbi-bədii kompozisiya ilə başlanıb.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan şəhər Təşkilatının sədri bildirib ki, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 21 ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulub. 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur. Soyqırımı faktı Xocalı şəhərində 105 sosial-məişət obyektinin dağıdılmasına da səbəb olub. Şəhərdə 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. XIV-XV əsrə aid türbələr, kümbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. Ümumiyyətlə bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Xatın, Liditsa, Oradur, Ruanda soyqırımları kimi, Xocalı soyqırımı da insanlıq tarixinə yazılan qanlı faciədir. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Resrublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları təsdiq edir.
Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilib və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Xalq ikinci Xocalı faciəsi yaşamamaq üçün Ümummilli lideri hakimiyyətə gətirdi.
Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi. BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ümummilli lider Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Milli Məclisin 2002-ci il 26 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Resrublikası Milli Məclisinin Bəyanatı"nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanların hamısından yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək. Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olacaq.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə dava etdirən Prezident İlham Əliyev isə Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib. "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi" - deyən dövlətimizin başçısı İlham Əliyev Xocalı soyqırımının dünya miqyasında tanıdılması üçün bütün resursları və vasitələri işə salıb. 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul edib, Prezident İlham Əliyev isə "Xocalı soyqırımının 20-ci ildönümü haqqında" 2012-ci il yanvarın 17-də Sərəncam verib.
Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə dünya ictimaiyyətinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün ölkənin siyasi elitasının iştirakı ilə ümumxalq yürüşü də keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın, həmçinin, paytaxtın Azadlıq meydanından başlayan, 85 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Bu gün Azərbaycan dövləti və hökuməti, digər qeyri-hökumət təşkilatları, diasror qurumları ilə yanaşı Heydər Əliyev Fondu da Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi səyi nəticəsində Azərbaycan həqiqətləri dünyanın hər yerində nümayiş etdirilir. Bu istiqamətdə həyata keçirilən işlərə xüsusi önəm verən Fond 2005-ci ildən başlayaraq, müxtəlif dillərdə "Qarabağ həqiqətləri" toplusunu nəşr edir.
Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın 100 nöqtəsində Xocalı soyqırımının qurbanlarının xatirəsini anma mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış, Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, uşaq rəsmləri, sərgilər təşkil olunur.
İnformasiya müharibəsinin geniş yayıldığı müasir dövrdə Xocalı soyqırımı haqqında bütün faktların dünya dövlətlərinə çatdırılması istiqamətində atılan ən mühüm addımlardan biri də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş və hazırda 50-dan artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kompaniyasıdır. Kampaniyanın əsas məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
Hazırda dünyanın bir çox nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlər nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 50-dən artıq ölkənin parlament nümayəndə heyəti Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanıyıb. Həmçinin Meksika, Pakistan və digər ölkələrin parlamentləri də Xocalı soyqırımını tanıyan sənədlər qəbul ediblər.
Sədr vurğulayıb ki, Heydər Əliyev Fondu "Ağ Ev"in rəsmi saytında Xocalı soyqırımı ilə bağlı bu il yanvarın 26-dan yerləşdirilmiş petisiyanı dəstəkləyən hər bir şəxslə həmfikir olduğunu bəyan edib, vətəndaşlarımızı, ölkəmizdən kənarda yaşayan soydaşlarımızı və Azərbaycan həqiqətlərini dəstəkləyən hər kəsi bu səsverməyə qoşulmağa dəvət edib. Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində başlanmış bu aksiyanın məqsədi dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı soyqırımı faktına yönəltmək, bu həqiqətləri beynəlxalq aləmdə tanıtmaqdır.
Şəhər Təşkilatının sədri YAP üzvlərini bu petisiyada yüksək fəallıq göstərdikləri kimi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi ümummilli məsələdə həmrəylik nümayiş etdirməyə çağırmışdır.
ADAU-nun dosenti Almaz Aşırov "Xocalı faciəsi XX əsrin ən böyük faciəsidir", YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Ramil İbrahimov "Xocalıya ədalət-Xocalı harayının dünyaya çatdırılmasında gəncərin fəaliyyəti" mövzularında çıxış edərək bildiriblər ki, müxtəlif dövlətlərin, ştatların Xocalı soyqırımının tarixi gerçəklik kimi tanıması, Azərbaycanın dövlət və ictimai qurumlar səviyyəsində illərlə bu istiqamətdə apardığı davamlı fəaliyyətin nəticəsidir. Bu o deməkdir ki, artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı daha yaxşı məlumatlanıb və bu cinayətlərə öz münasibətlərini ortaya qoyur. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi və təsdiqlənməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının qarşısını alır.
Xocalı faciəsinin şahidi "Xocalının səsi" qəzetinin redaktoru Qasım Qırxqızlı, GDU-nun prorektoru Asif Cavadov, ADAU-nun professoru Nurəddin Məmmədov, YAP Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini Sevda Qurbanəliyeva, gənclərin nümayəndəsi, GDU-nun YAP Gənclər Birliyinin sədri Elnur Həsənov, Mərkəzi Kitabxananın əməkdaşı Esmira Rəcəbli çıxış etdilər.
Çıxışların ümumi məğzi bir fikri tamamlayırdı: Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatiyası sayəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yaxın zamanlarda öz həllini tapacaq, düşmən tapdağında olan torpaqlarımız azad ediləcək, erməni terroru qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB