Qəzet redaktoru: “Azadlıq” və “Yeni müsavat”ın adını çəkmək kifayətdir"

Qəzet redaktoru: “Azadlıq” və “Yeni müsavat”ın adını çəkmək kifayətdir"

Son zamanlar Azərbaycanda baş verən aksiyalarla bağlı bir sıra mətbuat orqanlarının məsələni siyasiləşdirməsi və yalan informasiya yayılmasına qəzet baş redaktorlarının münasibəti necə oldua? SİA bir neçə qəzet redaktorlarının fikirlərini təqdim edir:

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Danılmaz faktdır ki, yalan xəbər yazan qəzetlər var. Onların bir qismi artıq Mətbuat Şurasının qara siyahısına daxilən edilən reket qəzetlərdir. Təbii ki, onların məqsədləri də aydındır. Təəssüflər olsun ki, ən böyük təxribat xarakterli məlumatların yayılması ilə məhz həmin orqanlar məşğul olur. Buna misal olaraq, "Azadlıq" və "Yeni müsavat" qəzetlərinin adlarını çəkmək kifayətdir. Bununla yanaşı, bir neçə internet vasitəsi ilə yalan informasiya yayan mətbuat orqanları da mövcuddur. Azadlıq radiosunun saytı da buna bariz nümunədir. Onların məqsədləri də aydındır. Bununla yanaşı, bu işdə tək bir məqsəd deyil, eləcə də şəxsi və maddi maraqlar yer alıb. Həmçinin yalan məlumatlarla sensasiya yaradan xəbərlər vasitəsi ilə düzgün insanların diqqətini cəlb etmək də həmin mətbu orqanın əsas istəklərindən biridir. Bu niyyətlər də göz qabağındadır. Təəssüflər olsun ki, mədəni mətbuat orqanlarına münasibətdə və onlara düzgün yanaşmağın təsdiq olunmaması müəyyən dövr ərzində indiki vəziyyətlərin olmasına gətirib çıxarır.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu:

- Milli mətbuatın hər bir nümunəsi məhz özünün milli mətbuat nümunəsi kimi təsdiqini tapmalıdır. Hər bir mətbuat öhdəsinə düşən ictimai məsuliyyəti dərk etməli və obyektivlik prinsipinə sadiq qalmalıdır. Baş vermiş hadisə ilə bağlı xəbəri kimsə şəxsi maraqlarına uyğun şəkildə cəmiyyətə təqdim etməməlidir. Bu gün mətbuat orqanlarında düzgünlük hökm sürür. Ona görə də bu kimi hallar yolverilməzdir. Çünki hər bir xalqın milli maraqları vahiddir. Hansı prizmadan baxsaq da, bu hal dəyişilməz olaraq qalacaq. Hesab edirəm ki, bütün məsələlərdə mətbuat obyektiv və qərəzsiz olmalıdır. Əks mövqedən çıxış edənlər isə milli mətbuat deyil, düşmən dəyirmanına su tökənlər kimi qələmə verilməlidir.

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:

- Tək aksiyalarla bağlı deyil, eləcə də hər hansı bir məsələdə mətbuatın qərəzli yanaşması, baş vermiş hadisəni siyasiləşdirməsi, olayların təmayülünə uyğun olmayan istiqamətə yönəldilməsi qəti şəkildə yolverilməzdir. Xüsusi ilə də aksiyalar məsələsində mətbuatın qərəzli addım atması, tərəf kimi çıxış etməsi, özünü informasiya daşıyan orqandan çox hakimiyyət uğrunda mübarizə aparan və hakimiyyəti ittiham edən tərəf kimi təqdim etməsi düzgün deyil. Aksiyalara münasibətdə mümkün qədər tərəfsiz, obyektiv, qərəzsiz və dövlətçi mövqedə qalmağı hər kəsə məsləhət görürəm.

Bütün xəbərlər Facebook səhifəmizdə