Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutan minlərlə gəncəli yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib. Ziyalılar, idarə, müəssisə və təşkilat nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, tələbələr və məktəblilər məzarlar üstünə tər qərənfillər düzüblər.
Saat 12:00-da şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yeni inşa olunmuş Şəhidlər abidəsinin önünə əklil qoyulub. Əbədi məşəl alovlandırıldıqdan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Milli Məclisin deputatı Musa Quliyev çıxış edərək müstəqilliyimizin əldə olunması və qorunması üçün canlarından keçən mərd oğul və qızlarımızın şücaətindən danışıblar. Qanlı yanvar faciəsinin qurbanlarının heç vaxt unudulmayacağını vurğulayan natiqlər bildiriblər ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin ən parlaq səhifəsidir.
Qeyd olunub ki, imperiya rəhbərliyinin və sovet ordusunun bu qanlı aksiyasına ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra hüquqi qiymət verilib, istər Dağlıq Qarabağ müharibəsində, istərsə də 20 Yanvar faciəsində şəhid və əlil olan insanlara və onların ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlanılıb.
Bildirilmişdir ki, Dağlıq Qarabağ müharibəsi başlayandan Gəncə 525 nəfər şəhid verib. Onlardan 265 nəfəri doğulub boya-başa çatdığı Gəncə torpağında dəfn olunublar. Dövlətin diqqət və qayğısı sayəsində şəhid məzarları yenidən qurulub, onların ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bu gün də davam etdirilir.
Sonra şəhid anaları-Minayə Piriyeva, Elmira Əliyeva, Dağlıq Qarabağ müharibəsi əlili Natiq Quliyev və Gəncə şəhər şəhid anaları ictimai birliyinin sədri Qeysun Babayeva çıxış edərək şəhid və əlillərin ailələrinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB