Ankarada Heydər Əliyev Parkı və Heydər Əliyev adına orta məktəbin açılışı təşkil edilmiş rəsmi mərasimlə həyata keçirilib. SİA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, rəsmi mərasimdə Azərbaycan Baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyənin Təhsil Naziri Ömər Dinçer, Azərbaycan təhsil naziri Misir Mərdanov, Yenimahalle Bələdiyyəsinin başçısı Fəthi Yaşar, Türkiyədə təhsil alan azərbaycanlı əsgərlər, polis və universitet tələbələri, çox sayda qonaqlar iştirak edib.
İlk açılış mərasimi Heydər Əliyev Parkında reallaşdırılıb. Soyuq havada keçirilən açılışdan əvvəl Azərbaycan Baş nazir müavini Elçin Əfəndiyev, Türkiyənin təhsil naziri Ömər Dinçer və Azərbaycan təhsil naziri Misir Mərdanov, parkda ucaldılmış Heydər Əliyevin heykəli önünə tər qərənfillər düzüblər. İki ölkənin milli marşlarının oxunması ilə başlayan açılış mərasimində çıxış edən Türkiyənin təhsil naziri Ömər Dinçer, Azərbaycan xalqı və türk xalqının bir ailənin övladları olduğunu söyləyib. Türk və Azəri xalqlarının qardaş olduğunu ifadə edən Ömər Dinçer, "Azərbaycan xalqının əhəmiyyət verdiyi və dəyər verdiyi hərkimsə eyni zamanda bizim dəyər verdiyimiz və hörmət etdiyimiz kimsədir. Azərbaycan nəyə sevinirsə, nəyə üzülürsə, biz də eyni şeylərdən sevinər və kədərlənərik", - deyib. Azərbaycan və Türk dünyası üçün çox əhəmiyyətli bir lider olan Heydər Əliyev üçün inşa edilmiş parkın açılışında birlikdə olduqlarını ifadə edən Ömər Dinçer parkın iki ölkə arasındakı qardaşlığı ortaya qoyan simvollardan yalnız biri olduğunu düşündüyünü dilə gətirib.
Heydər Əliyevin xatirəsini yaşadacaq bir parkın inşa edildiyini vurğulayan Dinçer: "Ölkəmiz adına olduqca gözəl bir parka sahib olduq. Bu parkın Yenimahallemize və Ankaramıza xeyirli olmasını diləyirəm. Parkın hazırlanmasında əməyi keçən hər kəsi təbrik edirəm", - deyə bildirib.
Azərbaycan Baş nazirin müavini Elçin Əfəndiyev isə Heydər Əliyev Parkının inşa edilməsində əməyi keçənlərə təşəkkürünü çatdıraraq çıxışına başlayıb. Heydər Əliyev adına dünyanın bir çox yerində əsərlərin olduğunu və Heydər Əliyev adına açılan bu parkın açılışı çox əhəmiyyətli olduğunu ifadə edən Elçin Əfəndiyev "Park ağaclar deməkdir, park həyat deməkdir. Bu park içərisində 6 mindən çox ağac əkilib. Bu 6 min ağac Ulu rəhbərimiz Heydər Əliyevin ruhunu şad edəcək. Heydər Əliyevin məşhur bir sözü var, "Bir ağac kəsildiyində, mənim qolum qırılar". Bu səbəbdən Heydər Əliyev üçün bu ağaclar çox əhəmiyyətlidir", - deyib.
Çıxışların ardından Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev, Türkiyənin təhsil naziri Ömər Dinçer, Azərbaycan təhsil naziri Misir Mərdanov, Yenimahalle Bələdiyyə başçısı Fethi Yaşar Heydər Əliyevin heykəlinin qarşısında xatirə fotoşəkili çəkdiriblər.
Məmmədov Tural,
Səs Informasiya Agentliyinin Türkiyə üzrə xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB