"Mövcud infrastruktur Olimpiya oyunlarını keçirməyə imkan verir"

Azad Rəhimov: "Paytaxtımız həm 2016-cı, həm də 2020-ci il olimpiadalarının təşkilatçılığına iddiaçı şəhər olub"
"Mövcud infrastruktur Olimpiya oyunlarını keçirməyə imkan verir"

Məşhur "Eurosport" və Ukraynanın "İnter" telekanalları birinci Avropa Olimpiya Oyunlarına Bakının ev sahibliyi ilə bağlı müsahibə yayımlayıb

Bu gwn Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məşhur "Eurosport" və Ukraynanın "İnter" telekanallarına müsahibə verib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müsahibə əsasən, Avropa Olimpiya Komitəsinin qərarı ilə 2015-ci ildə keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının təşkilatçılığının Bakıya həvalə edilməsi ilə bağlı olub.

Telekanal əməkdaşlarının suallarını cavablandıran nazir 2015-ci il Avropa Oyunlarının bir çox cəhətdən paytaxtımız üçün əhəmiyyətli olacağını bildirib. A.Rəhimov qeyd edib ki, dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı bu tarixi nailiyyət münasibətilə təbrik edib. İnanıram ki, 2015-ci ildə bu oyunlardan sonra biz Bakının daha da inkişaf edəcəyini və böyüyəcəyini görəcəyik.

Jurnalistin "Oyunların Bakıya həvalə edilməsini gözləyirdinizmi" sualını cavablandıran nazir bildirib ki, paytaxtımız həm 2016-cı, həm də 2020-ci il olimpiadalarının təşkilatçılığına iddiaçı şəhər olub. Buna görə də Bakının təbliğatı məqsədi ilə bir sıra işlər görülüb. Avropa Olimpiya Komitəsinin rəhbərliyi də ölkəmizin idman yarışlarındakı təşkilatçılığını yüksək qiymətləndirir. Bütün bunlar, eləcə də dövlətimizin I Avropa Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil ediləcəyinə təminat verməsi Bakının 48 ölkədən 38-nin səsini toplamasına kömək edib.

Nazir qeyd edib ki, Bakının mövcud idman infrastrukturu bu oyunları keçirməyə imkan verir. Bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcəkdir. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya Stadionu hazır olacaqdır. Bundan başqa, Su İdmanı Mərkəzi və Gimnastika Kompleksinin də 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Eyni zamanda, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, şəhərdəki digər idman mərkəzləri müxtəlif idman növləri üzrə yarışların təşkilində istifadə olunacaqdır. Əsas məsələ Olimpiya Kəndinin inşasıdır ki, bunun üçün də mümkün variantlar vardır.

A.Rəhimov deyib ki, oyunların bütün yayım hüquqlarının satışından əldə edilən gəlir Azərbaycanın qazancı olacaqdır. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib. Bu maddələr üzrə büdcəmizə ən azı 100 milyon avro vəsait daxil olacaqdır. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin də inkişafına böyük təkan verəcəkdir.

Müsahibədə nazir A.Rəhimov telekanal əməkdaşlarının Azərbaycan idmanı ilə bağlı digər suallarını da cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə