Pasiyentlərin hüquqları necə qorunur?

Pasiyentlərin hüquqları necə qorunur?

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkədə səfərdə olan Finlandiya və Kataloniya Ombudsman təsisatlarının ekspertləri Hakan Stoorun və Silvia Vernia Trillon ilə görüşüb. SİA-nın xəbərinə görə, xarici ekspertlərin ölkəyə səfərinin məqsədi Avropa İttifaqı (Aİ) ölkələrinin təcrübəsinə əsasən pasiyentlərin hüquqları ilə bağlı qabaqcıl normativ aktların təqdimatını və pasiyenlərin hüquqları üzrə ekspertlər arasında fikir mübadiləsini həyata keçirməkdir.

Ombudsman qonaqlara ölkədə sözügedən sahədə görülən işlər, o cümlədən insan hüquqları, həmçinin vətəndaşların sağlamlıq hüququ ilə bağlı fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan dövləti əhalinin sağlamlığına xüsusi qayğı göstərir, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də mühüm tədbirlər həyata keçirilir. Müvəkkil vərəmli, diabetli şəxslərin, ruhi xəstələrin müalicəsinin, müvafiq xəstəxanalarda saxlanma şəraitinin araşdırılması ilə əlaqədar Ombudsman tərəfindən müvafiq sahələr üzrə baş mütəxəssislərlə birlikdə müntəzəm olaraq monitorinqlər keçirildiyini, aparılan monitorinqlər zamanı pasiyentlərlə bağlı Avropa standartlarının müvafiq səhiyyə müəssisələrində tətbiq olunduğunun müəyyənləşdirildiyi bildirilib.

H.Stoorun bu görüşün məqsədinin Aİ-yə üzv dövlətlərin pasiyentlərin hüquqları sahəsində təcrübəsi üzrə fikir və təcrübə mübadiləsi aparmaqdan ibarət olduğunu söyləyib. O, təmsil etdiyi qurumun bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. O, 5.5 milyon əhalisi olan ölkəsində gedən demoqrafik prosesləri önə çəkib, əhalinin tez yaşlaşması problemini diqqətə çatdırıb, Finlandiya Ombudsman ofisində hazırlanmış Pasiyentlərin Hüquqları üzrə Qanun layihəsinin hazırlanması və tətbiq edilməsi üzrə ekspert missiyasını təqdim edib. Həmin qanun layihəsinin Avropa məkanında pasiyentlərin hüquqları ilə əlaqədar ilk sənədlərdən olduğu bildirilib.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Avropa ilə inteqrasiya sektorunun əməkdaşları Orxan Musayev və Ceyhun Əliyev də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə