Kamran Ramazanlı: “Azərbaycanlıların yaşadığı əksər kəndlərdə məktəb direktorları gürcüdür” - MÜSAHİBƏ (SəsTV)

Kamran Ramazanlı: “Azərbaycanlıların yaşadığı əksər kəndlərdə məktəb direktorları gürcüdür” - MÜSAHİBƏ (SəsTV)

Son zamanlar Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən ürək acan xəbərləri az alırıq. Xüsusilə, azərbaycanlıların təhsil almaq hüquqları pozulur. SəsTV-nin "Gündəm" verilişində mövzu ətrafında müzakirə aparmaq üçün studiyamıza Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlını dəvət etmişik.


- Artiq bir müddətdir ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri çoxalıb, xüsusilə, məktəblərdə dərslik, dil problemləri yaradılır .Gürcüstanın hökumətinin belə siyasət yürütməsində məqsədi nədir?


- Azərbaycanlılara qarşı diskrinimasiya siyasəti yeni deyil. Xüsusilə dil məsələsində problemlər yaşanır. Gürcüstanın təhsil qanunvericiliyində yalnız iki dildə təhsil almaq imkanı vardır, gürcü və abxaz. Sual olunur ki, abxazların sayı cəmi 80 minə qədərdir, 500 mindən çox isə azərbaycanlılar var. Bilmək olmur bu ayrı-seçkilik nədən qaynaqlanır? Təhsil Qanununun 4 və 5-ci maddəsində qeyd olunub ki, dövlət imkanları daxilində milli azlıqların öz dillərində təhsil almaları üçün məktəblər yarada bilər. Dövlət isə imkanları olmadığını bəhanə gətirib məktəb yarada biləcəyini vurğulaya bilər. Belə olan təqdirdə gərək Gürcüstanın Təhsil qanunundan 4 və 5-ci maddələr çıxarılsın. Çünki gürcülərin sayı azərbaycanlıların sayından dəfələrlə çoxdur, belə davam etməsi isə diskrinimasiya siyasətidir.


- Gürcüstan mətbuatının məlumatına görə, 2012-ci ilin sentyabrın 1-dən Azərbaycan dilli məktəblərdə gürcü əsilli vətəndaşların direktor təyin olunması haqda qərar verilib. Bu nə dərəcədə doğrudur? Azərbaycanlıların sıxışdırılması nə ilə əlaqədardır, məqsəd nədir?


- Azərbaycanlıların sıxışdırılması prosesi artıq çoxdandır ki, başlayıb. Mən rəsmi statistikanı sizin diqqətinizə çatdırmaq istəyirəm. 1989-cu ildə bizim 183 məktəb, 7992 müəllim, 49805 şagirdimiz olub. 1999-cu ildə 167 məktəb, 4481 müəllim, şagirdlərin sayı isə 35908, 2009-cu ildə isə 124 məktəb, 3492 müəllim, 27442 şagird olub. Son 20 ildə isə 59 məktəb bağlanıb, 4430 müəllim məktəbi tərk edib, şagirdlərin sayı isə 22363 nəfər azalıb. Son məlumata görə, isə artıq 120 məktəb qalıb. 14 kənddə hal-hazırda milliyyətcə gürcü, digər kəndlərdə isə milliyyətcə erməni olan direktorlar təyin olunub. Bolnisi rayonunda Qoçulu kəndinin də adı dəyişdirilib Oçaplava qoyulub, Mirhəsən kəndində adı dəyişdirilib və Savamehdi qoyulub. Gürcüstanda əksər kəndlərdə məktəb direktorları gürcüdür, Mirhəsəndə isə məktəb direktoru gürcü soyadı daşıyan milliyyətcə ermənidir. Maraqlıdır, əgər bu kəndlərdə şagirdlər azərbaycanlıdırsa, təhsil Azərbaycan dilində tədris olunursa, necə ola bilər ki, məktəb direktoru qeyri-azərbaycanlı təyin olunsun. Qəribə haldır ki, bu məktəblərə gürcü müəllimlərin göndərilməsi məsələsi çoxdan qoyulmuşdu, amma indi bu proses tələm-tələsik həyata keçirilir.


- Məgər yüksək kateqoriyalı müəllimlər yoxdurmu ki, məktəb direktoru təyin olunsun?


- Əlbəttə var. Azərbaycanlıların orada yaşaması üçün iki vacib məsələ var, biri torpaq məsələsi, o biri isə təhsil məsələsidir. Onlar bunun hər ikisinə təcavüz edirlər. Məqsəd budur ki, bizi oradan qovsunlar. Torpağı əlindən alınırsa, məktəblərin statusu yoxdursa azərbaycanlılar orada necə yaşayacaqlar? Məktəb direktorları içərisində, Tiflis Universitetini bitirən 400-dən çox azərbaycanlı var. Onlar da artıq gürcü dilini bilirlər. Bu məsələlər sadəcə bəhanədir.

Jrapzvanya idarəçilik məktəbi var. Həmin məktəbi 100-ə qədər azərbaycanlı bitirib. Onlardan sadəcə 4-ü işlə təmin olunub. Yəni bu sadəcə bəhanələrdir ki, bizim soydaşlarımız gürcü dilini bilmirlər. Mən sizə başqa bir faktı demək istəyirəm. Tiflis ətrafında 37 min azərbaycanlı yaşayır, hansı ki, onların ana dilində məktəbləri olmadıqları üçün təhsili gürcü dilində alıblar, ali təhsilərini də gürcü dilində başa vurublar. Lakin çox maraqlıdır ki, onlar gürcü dilinin gürcünün özündən yaxşı bilirlər, onların heç biri indiyə qədər işlə təmin olunmayıblar. Bu, Azərbaycan ictimaiyyətini də düşündürməlidir, biz azərbaycanlı olaraq iqtidarlı- müxalifətli, qeyri-hökumət təşkilatlı hər zaman Gürcüstana yardım etmişik, onları müdafiə etmişik. Bəs nə üçün Gürcüstan bizə qarşı bu siyasəti yürüdür.


- Məktəblərdə dərslərə gəlincə, orada keçirilən dərslərin səviyyəsi necədir? Azərbaycan məktəbləri kitabla təmin olunurlarmı?


- Burda bir məsələ var, Təhsil Nazirliyimiz hər il ora kitablar göndərir, lakin Gürcüstanın Təhsil Nazirliyi burdan göndərilən kitabları çap etdirmir, bunu isə maliyyə vəziyyətinin zəifliyi ilə əlaqələndirirlər. Çap olunan kitabları isə bazarlarda çox baha qiymətə satılır. Tərcümələrə gəldikdə isə bu, çox keyfiyyətsiz olur. Ümumiyyətlə, həmin kitablar bu gün reallıqla ayaqlaşmır. Mən sizə bir faktı da demək istəyirəm. Bizim uşaqlara öyrədilir ki, azərbaycanlılar Gürcüstana gəlmədirlər. Şah Abbasın vaxtında gəlib sonradan isə artıblar. Bunu da uşaqlar dərs şəklində keçirlər.

Azərbaycanın Təhsil Nazirliyi ilə Gürcüstanın eyniadlı qurumu arasında müqavilə var. Amma müəyyən məsələlərdə Təhsil Nazirliyinin bizim milli maraqlarımızı müdafiə etdiyini görmürük. 11 mart 2010-cu ildə Marneuli Mədəniyyət Mərkəzi, "Qeyrət" Xalq Hərəkatı, "Qafqaz" Araşdırmalar Mərkəzi, Gürcüstan Azərbaycan Əlaqələr Mərkəzi cənab prizidentə müraciət etmişdi ki, 50 nəfər pedaqoji kadrlarla bağlı kvota ayrılsın. Tələbə Qəbulu üzrə Dövlət Komisyasının Aparat rəhbəri bizə məktub da ünvanlayıb ki, bu Təhsil Nazirliyi ilə müəyyən məsələlərdə razılaşdırılmalıdır. 22 mayda biz həmin tərkibdə yenə ziyalılar,qeyri-hökumət təşkilatının üzvləri Təhsil Nazirliyinə yenə müraciət etdik. Lakin bu günə qədər həmin məktuba cavab almamışıq. Mən təəssüf edirəm ki, Təhsil Nazirliyi Gürcüstandakı məktəblərə yalnız kitab göndərməklə kifayətlənir, başqa problemlərin həlli istiqamətində heç bir lazımı addımlar atmır.

Bütün xəbərlər Facebook səhifəmizdə