Onlayn ingilis dili kurslarına start verilib

Onlayn ingilis dili kurslarına start verilib

Bakı Dövlət Universitetində (BDU) \"Gənclər Şəbəkəsi Təşəbbüsü\" İctimai Birliyinin təşkilatçılığı ilə tələbələrlə görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə birliyin rəhbəri Ülvi Kazımov görüşün məqsədini açıqlayıb. Bildirib ki, bu cür silsilə tədbirlərin, seminar və məşğələlərin keçirilməsi gəncləri maarifləndirmək məqsədi ilə bir sıra ali təhsil müəssisələrində həyata keçirilib.

Artıq birliyin təhsil sektorunun rəhbəri Cengiz Sakmanlı ilə birgə onlayn rejimdə yüksək səviyyəli, ödənişsiz ingilis dili kurslarına start verilib. Kursların sıfırdan başlayaraq, son səviyyəyədək davam etdirilməsi nəzərdə tutulub. Hər səviyyənin sonunda imtahanlar təşkil ediləcək, fərqlənən tələbələrə sertifikat və diplomlar veriləcək. İmtahanlar başa çatdıqdan sonra TOEFL kursları da təşkil olunacaq.

Ü.Kazımov qeyd edib ki, rəhbərlik etdiyi birlik, həmçinin xaricdə təhsil almaq istəyən tələbələrə də kömək göstərir.

Sonra 30 ildən artıq ingilis dilini tədris edən C.Sakmanlı kursun əhəmiyyətini vurğulayıb, www.bedavaingilizcedersler.com saytını tələbələrə təqdim edib. O, tələbələrin sayta daxil olaraq, heç bir əlavə vəsaitdən istifadə etmədən ingilis dilini öyrənməyin mümkünlüyünü izah edib. Vurğulayıb ki, insanlar ölkələrinə əcnəbi vətəndaşlar gəldiyi zaman ingilis dilini bilmədikləri üçün tarixləri, mədəniyyətləri barədə məlumat verməkdə çətinlik çəkirlər. O, bu dili öyrənməyin çox asan olduğunu və birlikdə bu məsələni həll etməyin daha səmərəli yolunu nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə