Avtobuslarda gediş haqları metro kartları ilə ödəniləcək

Avtobuslarda gediş haqları metro kartları ilə ödəniləcək

Gələn il aprelin sonunadək Bakı şəhərində hərəkət edən marşrut avtobuslarında kartla ödəniş sistemi tətbiq olunacaq.


Bu gediş haqqının sürücülər tərəfindən özbaşına artırılmasının qarşısını alacaq. Həmçinin sürücülərlə sərnişinlər arasında pulun qalığının qaytarılması problemi ortadan götürüləcək.


Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumatda o da bildirildi ki, artıq gələn ilin may ayında, \"Eurovizion-2012\" beynəlxalq mahnı müsabiqəsinədək avtobuslarda gediş haqqının yalnız kartla ödənilməsi sistemi işlək vəziyyətə gətiriləcək: "Avtobuslarda gediş haqqını metro kartları vasitəsilə də ödəmək mümkün olacaq. Artıq metronun ödəniş sistemində kartlarda gedişlərin sayı əvəzinə pulun məbləği göstərilməyə başlanıb. Bu dəyişiklik nəticəsində avtobuslarda da gediş haqlarını ödəmək mümkün olacaq.


Nəqliyyatın İntellektual İdarəetmə Sistemi çərçivəsində bu sistemin daha da təkminləşdiriləcək. Belə ki, kartlardakı vəsait qalığını avtobus dayanacaqlarında quraşdırılan monitorlar vasitəsilə də öyrənmək mümkün olacaq. Həmçinin müxtəlif ərazilərində kartların avtomatik satışı üçün xüsusi qurğular quraşdırılacaq. Bu qurğularda kart almaq və ona lazımi məbləği yükləmək mümkün olacaq.


Bakıya xaricdən və ya ölkənin regionlarından bir neçə günlüyə gələnlər üçün isə aeroport, avtovağzal, dəmiryol vağzalı və s. yerlərdə də kartların satışı qurğuları quraşdırılacaq.


Kartlardan bir günlüyə istifadə etmək istəyənlər onu həmin qurğular vasitəsilə geri qaytararaq ona yüklədiyi məbləği geri ala biləcəklər. Yeni sistem çərçivəsində görülən işlər nəticəsində isə bir neçə ildən sonra avtobuslarda gediş haqqını mobil telefonlar vasitəsilə də ödəmək mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə