Kamran Əliyev: \"Tıxacları sürücülərin təcrübəsizliyi yaradır\" - MÜNASİBƏT

Kamran Əliyev: \"Tıxacları sürücülərin təcrübəsizliyi yaradır\" - MÜNASİBƏT
Azərbaycanda şaxtalı hava şəraiti respublikanın bəzi böyük magistrallarında avtomobillərin hərəkətində problemlər yaradıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, şaxtalı, qarlı hava şəraiti Bakı-Şamaxı, İsmayıllı-Muğanlı, Bakı-Quba və Ağsu aşırımında minik avtomobillərinin hərəkətinə çətinlik yaradıb.

\"Buna baxmayaraq həmin yollar bağlanmayıb\", o vurğulayıb.

Əliyev həmin yolların buz bağlaması səbəbindən bu yollarda zənciri, mövsümi qış təkərləri və hər iki aparıcı oxu olan avtomobillərin hərəkətini tövsiyyə edir.

Baş Dövlət Yol Polisi İdarəsi idarəetmə təcrübəsi olmayan sürücülərə şaxtalı, buzlu hava şəraitində yola çıxmamağı məsləhət görür.

İdarə hazırda Kürdəmir, Sabirabad, Yevlax, Hacıqabul və Balakən istiqamətinə gedən yollarda qarın yağdığını, buna baxmayaraq yolların buzlu olmadığını və nəqliyyatın hərəkətində problemlər yaranmadığını qeyd edib.

Şöbə rəisinin sözlərinə görə, dünən axşam saatlarında Bakı-Sumqayıt yolunda qarlı hava şəraiti ilə əlaqədar olaraq tıxac yaranıb.

\"Həmin yolda avtomobillər çox olub və sürücülər təcrübəsiz olduğundan avtomobilləri aşağı sürətlə idarə etdiyindən tıxac yaranıb\", - Əliyev deyib.

O, hazırda həmin yolda nəqliyyatın hərəkətində problem olmadığını qeyd edib.

Ötən gün respublika yollarında 16 yol qəzası zamanı 2 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Qəzalardan biri-piyadavurma Bakının Səbayel rayonu ərazisində qeydə alınıb və bir nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə