Ağdaşda Mərkəzi Rayon Xəstəxanasının açılışı olub. Rayonda səfərdə olan Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, müasir üslubda layihələndirilən Ağdaş mərkəzi rayon xəstəxanasının binası da yüksək tələblərə cavab verməsi baxımından diqqəti cəlb edir. Xəstəxana binasının tikintisində qabaqcıl təcrübə və müasir texnologiyalardan geniş istifadə edilib.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin sifarişi əsasında inşa edilən xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulub. Dünya Bankının maliyyə vəsaiti hesabına inşa edilmiş 100 çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.
Prezident İlham Əliyev poliklinika şöbəsi ilə tanış olub. Bildirilib ki, müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılıb. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılmışdır. Xəstəxanada əməliyyat, müayinə və müalicə otaqları müasir tərtibatı və xüsusi dizaynı ilə seçilir.
Diaqnostika şöbəsi ilə tanışlıq zamanı qeyd edilib ki, burada yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir. Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər tərəfindən quraşdırılmasıdır. Bu iş yüksək peşəkarlıqla yerinə yetirilib.
Xəstəxanadakı kompyuter-tomoqrafiya və digər cihazlar mükəmməlliyi ilə seçilir. Kompyuter-tomoqrafiya avadanlığı rentgen diaqnostikasının bütün funksiyalarını yerinə yetirir. Orqanizmdə dəyişikliklərin aşkara çıxarılması üçün tətbiq edilən bu cihaz elmin ən son yeniliklərinə əsaslanır.
Prezident İlham Əliyev xəstəxananın ikinci mərtəbəsindəki əməliyyat blokunda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, burada bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir. Bu müasir qurğu vasitəsilə otağın işıqlandırılması, avadanlığın idarə edilməsi, blokun havalandırılması, xəstənin hərarətinə nəzarət və digər əməliyyatlar yerinə yetirilir.
Reanimasiya şöbəsində eyni vaxtda 7 xəstə yerləşdirilə bilər. Buradakı mükəmməl avadanlıq tibbi heyətin xəstələrin eyni vaxtda kardioqramının aparılmasına, neinvazif təzyiqə, temperatura, nəbzin sayına, tənəffüsün tezliyinə nəzarət edilməsinə hərtərəfli imkan yaradır. Həmin avadanlıq əldə edilən informasiyaların uzun müddət saxlanmasına imkan verir. Bütün məlumatlar mərkəzləşmiş qaydada reanimasiyadakı serverə ötürülür.
Sonra dövlətimizin başçısı palataları gəzib. Bildirilib ki, palatalardakı şərait dünyanın inkişaf etmiş ölkələrinin müalicə müəssisələrindən geri qalmır. Burada da ilin bütün fəsilləri nəzərə alınmaqla xəstələrin hərtərəfli rahatlığı üçün şərait yaradılmışdır. Tibb ocağında stasionarda eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilmişdir. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılmışdır. Xəstəxananın müasirliyi ilə seçilən akt zalı da var.
Səhiyyə ocağında yaradılmış şəraitlə tanış olan dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb. Baş həkim Gülər Məmmədova Ağdaşa göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB