"İslahatçı Gənclər" İctimai Birliyi(İB) Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova ilə birgə Dövlət Müstəqilliyimizin 20 illiyi münasibətilə Daxili Qoşunların Bərdədəki "N" saylı hərbi hissəsində əsgərlərlə bayram görüşü keçirib.
İctimai Birliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşü giriş sözü ilə açan Aybəniz Haşımova əsgərləri salamlayaraq, onları Dövlət Müstəqilliyimizin 20 illiyi münasibəti ilə təbrik edib. Əməkdar artist Azərbaycan ordusunun hər ötən gün gücləndiyini və Ali Baş Komandan əmr verərsə hər an torpaqlarımızı düşmən taptağından xilas etmək gücündə olduğunu vurğulayıb. Bununla belə, A.Haşımova ölkəmizin sülh tərəfdarı olduğunu və torpaqlarımızın dinc yolla geri qaytarılacağına ümid etdiyini bildirib: "Bu gün Azərbaycanımızın səsinin dünyada yüksəkdən gəlməsində ordumuzun, vətənin keşiyində duran əsgərlərimizin xidmətləri böyükdür".
Daha sonra çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı hərbi hissənin əsgər və zabit heyətini təbrik edərək, ərazi bütövlüyümüzün qorunması, ölkəmizdə ictimai sabitliyin davamlı olmasında onların rolunu qeyd edib. Təşkilat sədri Azərbaycan ordusunun həm texniki imkanlar, həm də mənəvi mənada sürətlə inkişaf etdiyini qeyd edərək, ermənilərin bu faktı diqqətdə saxlamalı olduğunu vurğulayıb: "Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini keçib. Ordumuz ən müasir hərbi texnika ilə təmin olunub.
Bundan başqa son bir neçə ildə Azərbaycan ordusu Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlar yetişdirib. Erməni ordusu isə ancaq fərarilər yetişdirməklə məşğuldur ki, onların da bir neçəsi artıq Azərbaycan tərəfə keçib. Ermənistan iki ölkə arasındakı bu fərqi görməli və başa düşməlidir ki, müharibə başlayacağı təqdirdə sıralarımızdakı, ordumuzdakı hər bir gənc potensial Ramildir, Mübarizdir, Fəriddir".
Çıxışlardan sonra əməkdar artist Aybəniz Haşımova, "Xalq ulduzları" Eldəniz Məmmədov, Tural Salmanov, Səfa Cəfərova və "Bülbüllər" qrupunun ifasında əsgərlər üçün bir birindən gözəl mahnılar ifa olunub. Əməkdar artist Aybəniz Haşımova hərbiçilərə göstərdiyi diqqətə görə hərbi hissə komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub. Bundan başqa tələbələrin əsgərlərə yazdıqları məktublar oxunub.
Daha sonra qonaqlar hərbi hissədəki şəraitlə tanış olublar. Gənclər və müğənnilər hərbi hissədə yaradılmış yüksək şəraitə və bayram tədbirinin baş tutmasında göstərdiyi dəstəyə görə, Daxili Qoşunların Komandanı, general-leytenant Zakir Həsənova təşəkkür ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB