Qarabağ: yalan təcavüzü və ya "müqəddərat təyini" haqqında saxtalaşdırılmış əhvalat

Qarabağ: yalan təcavüzü və ya "müqəddərat təyini" haqqında saxtalaşdırılmış əhvalat

Litva Xalqları İnformasiya Palatası (İNFORUM) idarə heyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi, Litva Yəhudi İcması Şurasının üzvü Vitaliyus Karakorskis bildirib ki, bu il iyunun 2-də və 9-da Litvanın aparıcı portallarından biri olan www.balsas.lt resursunda Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin iki hissədən ibarət məqaləsi dərc edilib.

Məqalə erməni təbliğatının fitnəkarlıqlarına həsr edilib.

Məqalə ermənilərin bu Baltikyanı ölkədə apardığı təbliğatı ifşa etmək üçün Litvanın Azərbaycan diasporunun vaxtında atdığı cavab addımıdır. Məqalə Dağlıq Qarabağ ətrafında status-kvonun bundan sonra da saxlanması üçün ermənipərəst qüvvələrin göstərdiyi səyləri və məkrli addımları ifşa edir.

V.Karakorskis yazır ki, bir müddət bundan əvvəl Ermənistan Vahid Liberal Milli Partiyası (MİAK) Litva ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ermənilərin öz versiyası ilə tanış etmək və bu ölkənin siyasətçilərini mümkün qədər qondarma Dağlıq Qarabağ respublikasının tanınmasına sövq etmək məqsədi ilə bir layihə həyata keçirib. Həmin layihə çərçivəsində Litva Seyminin deputatları, parlamentin fraksiya və komitə rəhbərləri, hökumət dəftərxanasının dövlət qulluqçuları, siyasi partiyaların sədrləri, habelə politoloqlar və Litvanın digər tanınmış ictimai-siyasi xadimləri MİAK nümayəndəsi Arsen Ayriyanın "Dağlıq Qarabağ – həqiqət və faktlar" sərlövhəli müraciətini alıblar. Bu müraciətə erməni təbliğatçıları tərəfindən rus və ingilis dillərində uydurulmuş "tanışlıq oçerki" də əlavə edilib. Müraciət erməni təbliğat mətnlərinin əksəriyyətinə xas olan ruhda tərtib edilib. Mətnin müəllifləri litvalı siyasətçilərdən təkidlə xahiş edirdilər ki, onlar Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması uğrunda mübarizəyə qoşulsunlar.

Vitaliyus Karakorskis yazır ki, bu, heç də təsadüfi deyildir. Əvvələn, məlum olduğu kimi, 2011-ci ildə Litva ATƏT-də sədrlik edir. İkincisi, xatırlatmaq yerinə düşər ki, 2010-cu ilin dekabr ayında Litva Seymində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair qətnamə layihəsi qeydiyyata alınıb.

Sənəddə bildirilir ki, Ermənistan Azərbaycanın işğal edilmiş 20 faiz ərazisini tərk etməlidir. Təsadüfi deyildir ki, Ermənistan uydurma əhvalatlar hesabına Litva parlamentinin üzvlərini və ölkə ictimaiyyətini aldadaraq onları çaşdırmaq və həqiqətdən uzaqlaşdırmaq istəyir. Ermənistan XİN və erməni siyasətçilər, bu ölkənin qeyri-hökumət təşkilatları və erməni diasporu son vaxtlar maksimum qüvvə ilə çalışırlar ki, sözügedən qətnamə Litva Seymində müzakirə edilməsin, bu məsələ Litva parlamentinin gündəliyindən həmişəlik çıxarılsın. Lakin erməni yalanının ömrü qısa olub. Mahir Həmzəyevin məqaləsində yuxarıda qeyd edilən siyasi saxtakarlığın təşəbbüsçülərinə tarixi mənbələrə əsaslanan layiqli cavab verilib. Bu məqalədə regionun tarixi, ermənilərin İrəvan xanlığına gəlmələrinin xronologiyası, Azərbaycan torpaqlarında etnik-demoqrafik vəziyyətin əvvəlcə çar Rusiyasının, sonra isə SSRİ-nin dəstəyi ilə ermənilərin xeyrinə süni şəkildə dəyişdirilməsi qısaca şərh edilib.

"Artıq indidən deyə bilərik ki, M.Həmzəyevin bu məqaləsindən sonra sağlam düşüncəli litvalılar Qarabağ tarixini saxtalaşdıranların "yaradıcılığına" daha ehtiyatla yanaşacaqlar. Nüfuzlu litvalı tarixçi və politoloqların fikrincə, bu sanballı məqalə Litvada sovet təbliğat-təşviqatı ruhunda aparılan yalançı təbliğat cəhdlərinə daha bir ciddi zərbə vurub". Vitaliyus Karakorskisin qənaəti belədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня