Türkiyə serialları Azərbaycanda advermə ənənələrini və milli adlara münasibəti dəyişirmi? - SOSİOLOQ AÇIQLADI

Türkiyə serialları Azərbaycanda advermə ənənələrini və milli adlara münasibəti dəyişirmi? - SOSİOLOQ AÇIQLADI

"Cəmiyyətlərə müxtəlif təsir mexanizmləri, mədəniyyətlərin təbliği və yayılması vasitələri mövcuddur. KİV, sosial şəbəkələr, televiziya və xüsusilə seriallar bu vasitələrin ən təsirli formalarındandır. Seriallar vasitəsilə bir mədəniyyət digər cəmiyyətə, bir xalqın həyat tərzi və dəyərləri isə başqa xalqların cəmiyyətinə ötürülə bilir".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib:

"30-40 il əvvəl Hindistan serialları və filmləri bizim cəmiyyətə müəyyən təsirlər göstərmişdi. Geyim, saç düzümü, xarici görünüş, davranış, hətta ad seçimində belə bunun təsirlərini görmək mümkün idi. Gənclər özlərini hind film qəhrəmanlarına bənzətməyə çalışır, onların saç düzümünü və imicini təqlid edirdilər. Hətta müsəlman, türk və Qafqaz ad-mədəniyyətinə aid olmayan bəzi adlar nadir də olsa, uşaqlara verilirdi.

Sonralar bu tendensiya Meksika serialları ilə daha da kütləviləşdi. Təəssüf ki, həmin serialların bir qismində bizim ailə modelimizə, milli-mənəvi dəyərlərimizə və əxlaq anlayışımıza uyğun olmayan həyat tərzi və ailə münasibətləri də nümayiş etdirilirdi. Bu isə zamanla cəmiyyətin ailə modelinə müəyyən təsirlər göstərdi.

Daha sonra Meksika seriallarını əsasən türk serialları əvəz etməyə başladı. Türk dili və mədəniyyəti bizə daha yaxın olduğu üçün bu serialların təsiri də daha güclü oldu. Azərbaycan tamaşaçısı türk aktyorlarının canlandırdığı obrazları, onların həyat tərzini, geyimini, danışıq üslubunu və davranışlarını daha asan mənimsəyirdi.

Bu proses bu gün də davam edir. Son illərdə Azərbaycanda müxtəlif seriallar çəkilsə də, təəssüf ki, onların bir qismi keyfiyyət, ssenari və aktyor oyunu baxımından türk serialları ilə rəqabət aparacaq səviyyədə deyil. Nəticədə Azərbaycan serialları Azərbaycan tamaşaçısının rəğbətini kifayət qədər qazana bilməyib. Bu da xarici serialların cəmiyyətimizə təsir imkanlarını artırıb.

Bu təsirlərdən biri də ad seçimində özünü göstərir.

Ad məsələsi əslində çox ciddi məsələdir. Valideyn övladına elə bir ad verməlidir ki, həmin uşaq həyatının heç bir mərhələsində öz adından utanmasın və bu ad onun gələcək həyatında, sosial münasibətlərində və karyerasında psixoloji və ya sosial baryerə çevrilməsin.

Sovet dövründə ideoloji təsirlərlə qoyulmuş bəzi adların məsələn, Sovet, Knyaz, Traktor kimi adların sonradan insanların həyatında müəyyən çətinliklər yaratdığı məlumdur.

Türk seriallarından gələn təsirlərdən biri də əvvəllər Azərbaycan cəmiyyətində geniş rast gəlinməyən bəzi türk adlarının uşaqlara verilməsidir.

Əlbəttə, Azərbaycan və Türkiyə cəmiyyətlərinin tarixi, dili və dini baxımdan çoxsaylı ortaq cəhətləri var. Hər iki cəmiyyətdə İslamın təsiri ilə geniş yayılmış Məhəmməd, Əli, Hüseyn, Həsən, Fatimə, Xədicə, Osman, Ömər və digər adlara rast gəlinir. Tələffüzdə müəyyən fərqlər olsa da, bunlar ortaq dini-mədəni irsimizin bir hissəsidir.

Amma son illərdə elə adlar da yayılmağa başlayıb ki, əvvəllər Azərbaycan cəmiyyətində demək olar ki, rast gəlinmirdi və onların populyarlaşmasında türk seriallarının təsiri açıq şəkildə hiss olunur. Məsələn, son dövrlərdə Ceren, Burak kimi sırf Türkiyədə geniş yayılmış adların Azərbaycanda uşaqlara verilməsi halları artıb.

Təbii ki, ortaq türk mənşəli və ya ortaq mənalı adların uşaqlara qoyulmasında heç bir qəbahət yoxdur. Lakin sırf Türkiyəyə məxsus adların kütləvi şəkildə yayılması, zamanla öz milli adlarımızın istifadəsinin azalmasına səbəb ola bilər.

Halbuki bizim özümüzün də həm oğlan, həm də qız uşaqları üçün kifayət qədər zəngin, mənalı və gözəl adlarımız var. Məsələ hansısa adı qadağan etmək deyil. Məsələ odur ki, valideynlər övladlarına ad seçərkən yalnız serial qəhrəmanlarının və ya xarici mədəniyyətlərin təsiri ilə deyil, öz milli-mədəni irsimizi də nəzərə alaraq qərar versinlər.

Çünki ad sadəcə bir müraciət forması deyil. Ad insanın kimliyinin, ailəsinin və mənsub olduğu mədəniyyətin də bir parçasıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə