Heyvanlara qarşı qəddarlığın qarşısını almaq üçün mövcud cəzalar kifayət edirmi? - HÜQUQŞÜNAS AÇIQLADI
Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlara qarşı bu cür qəddarlığın qarşısını almaq üçün mövcud cəzalar kifayət edirmi?
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, heyvanlara qarşı xüsusi amansızlıqla törədilən əməllərə görə mövcud inzibati məsuliyyət hər zaman çəkindirici təsir baxımından kifayət etmir:
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi heyvanlarla rəhmsiz rəftarı, o cümlədən onlara ağrı, əzab və işgəncə verilməsini, döyülməsini və döyüşdürülməsini inzibati xəta kimi müəyyən edir. Həmin maddənin 274.4-cü hissəsinə əsasən, rəhmsiz rəftar nəticəsində heyvan tələf olduqda 1500 manatdan 2000 manatadək cərimə və ya işin hallarından asılı olaraq bir ayadək inzibati həbs tətbiq edilə bilər.
Bununla belə, konkret hadisənin hüquqi qiymətləndirilməsi zamanı əməlin qəsdən törədilməsi, xüsusi amansızlıqla həyata keçirilməsi, heyvanın hamilə olması və digər hallar ayrıca araşdırılmalıdır. Əgər əməldə başqa cinayətin tərkibinin əlamətləri müəyyən edilərsə, məsələyə yalnız İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi çərçivəsində deyil, Cinayət Məcəlləsinin müvafiq normaları baxımından da hüquqi qiymət verilməsi mümkündür. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinin tətbiqi də məhz cinayət məsuliyyəti yaranmadığı hallarla məhdudlaşır.
Mənim qənaətimcə, hazırkı qanunvericilikdə heyvanın rəhmsiz rəftar nəticəsində öldürülməsinə görə konkret məsuliyyət nəzərdə tutulsa da, cəzanın çəkindirici və preventiv təsirinin daha da gücləndirilməsinə ehtiyac var. Xüsusilə qəsdən və nümayişkaranə şəkildə törədilən qəddarlıq hallarında hüquqi məsuliyyətin diferensiallaşdırılması məsələsi müzakirə oluna bilər. Eyni zamanda, problemin həlli yalnız cəzaların sərtləşdirilməsi ilə məhdudlaşmamalıdır. Heyvanlara qarşı zorakılıq hallarının operativ araşdırılması, hüquq-mühafizə və aidiyyəti qurumların effektiv nəzarəti, heyvanların müdafiəsi mexanizmlərinin gücləndirilməsi və ictimai maarifləndirmə də mühüm preventiv əhəmiyyət daşıyır. Əsas məqsəd yalnız daha ağır cəza tətbiq etmək deyil, heyvana qarşı qəddar davranışın qaçılmaz şəkildə aşkar ediləcəyi və adekvat hüquqi məsuliyyət doğuracağına dair effektiv mexanizm yaratmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB