Avtomobili etibarnamə ilə idarə edən şəxs qəza törətsə, məsuliyyət kimin üzərinə düşür? - VƏKİL AÇIQLADI

Avtomobili etibarnamə ilə idarə edən şəxs qəza törətsə, məsuliyyət kimin üzərinə düşür? - VƏKİL AÇIQLADI

"Avtomobili etibarnamə ilə idarə edən şəxs qəza törətdikdə, məsuliyyət avtomatik olaraq avtomobil sahibinin üzərinə düşmür. Burada əsas məsələ qəza zamanı avtomobili kimin idarə etməsi və həmin şəxsin avtomobilə hansı hüquqi əsasla sahiblik etməsidir".

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və onun vurduğu zərərə görə məsuliyyət, bir qayda olaraq, həmin mənbəyə qanuni əsasla sahiblik edən şəxsə düşür. Maddədə bu əsaslara nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə də daxil edilir:

"Ali Məhkəmənin izahında da nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən şəxsin yüksək təhlükə mənbəyinə qanuni əsasla sahiblik etdiyi və zərərin əvəzinin ödənilməsi vəzifəsinin belə şəxsə qoyula biləcəyi göstərilir.

Hadisənin konkret hallarından asılı olaraq, məsələn, avtomobil sahibi avtomobili etibarnamə ilə həmin şəxsə qanuni olaraq veribsə, sürücünün etibarlı sürücülük vəsiqəsi varsa, sürücü avtomobili özbaşına deyil, verilmiş səlahiyyət əsasında idarə edibsə, əsas mülki məsuliyyət, adətən, faktiki sahiblik edən və avtomobili idarə edən şəxsə aid edilir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsində də mülkiyyətçi ilə yanaşı, avtomobili icarə və ya etibarnamə əsasında faktiki idarə edən şəxs avtomobil sahibi hesab olunur.

Cinayət və inzibati məsuliyyət isə sürücünün üzərinə düşür. Əgər qəza nəticəsində yol hərəkəti qaydası pozulubsa, xəsarət yetirilibsə və ya ölüm baş veribsə, cinayət və ya inzibati məsuliyyət məsələsində əsasən qəza törədən sürücünün konkret hərəkətləri araşdırılır.

Yəni avtomobilin sahibi olmaq faktı öz-özlüyündə şəxsi qəzanın törədilməsinə görə cinayət məsuliyyətinə cəlb etmir.

İcbari avtomobil sığortasında da etibarnamə ilə qanuni əsasda avtomobili idarə edən şəxs sığortalanmış şəxsin statusuna daxil ola bilər. Qanunda sığortanın avtomobili qanuni əsaslarla istifadə edən şəxslərə də şamil olunması nəzərdə tutulur.

Daha da əhəmiyyətlisi, Qanunun 53.4-cü maddəsində göstərilir ki, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, qanuni əsaslarla avtomobili istifadə edən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə sığorta olunan hesab edilir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə