Havanın temperaturunun yüksəlməsi şəhərlərdə ağaclara necə təsir edir? - EKOLOQ DANIŞDI

Havanın temperaturunun yüksəlməsi şəhərlərdə ağaclara necə təsir edir? - EKOLOQ DANIŞDI

"Azərbaycanda yay fəslində müşahidə olunan yüksək temperatur bu coğrafiyanın təbii iqlim xüsusiyyətidir. Burada yetişən ağac növləri min illər ərzində məhz bu iqlim şəraitinə uyğunlaşaraq formalaşıb".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, buna görə də təkcə yay istiləri sağlam ağacların qurumasına səbəb olmur:

"Əlbəttə, qlobal iqlim dəyişikliyi təbiətə müəyyən təsirlər göstərir. Lakin şəhər mühitində ağaclara və ekosistemə daha ciddi təsir edən amillər yaşıllıq sahələrinin azalması, ağacların kəsilməsi, betonlaşmanın artması və plansız tikintidir. Yaşıllıq sahələri azaldıqca şəhərlərdə istilik daha çox toplanır, havanın təbii dövranı zəifləyir. Bu isə həm bitkilərə, həm də insanların yaşayış mühitinə mənfi təsir göstərir.

Son illərdə yeni parkların salınması istiqamətində müəyyən işlər görülsə də, mövcud yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi ekoloji baxımdan daha böyük əhəmiyyət daşıyır. Ağaclar yalnız kölgə yaratmır, həm də havanı təmizləyir, oksigen istehsal edir və şəhər ekosisteminin tarazlığını qoruyur.

Qlobal istiləşməyə gəlincə, alimlər hesab edirlər ki, burada həm insan fəaliyyəti, həm də təbii proseslər rol oynayır. Yer kürəsində vulkan püskürmələri, zəlzələlər, iqlim dəyişiklikləri və digər təbii hadisələr insan olmadan da baş verirdi və bu proseslər bu gün də davam edir. Bununla yanaşı, insan fəaliyyəti, xüsusilə meşələrin qırılması, şəhərlərin həddindən artıq betonlaşması və ətraf mühitə göstərilən təsirlər iqlim dəyişikliklərini daha da sürətləndirir.

Əgər məqsəd ağacların quruması və ekoloji problemləri araşdırmaqdırsa, diqqət ilk növbədə şəhərlərdə yaşıllıq sahələrinin azalmasına, ağacların kəsilməsinə və tikinti işlərinin ekoloji təsirlərinə yönəldilməlidir. Məhz bu amillər şəhər mühitində ekosistemə daha ciddi təsir göstərən əsas səbəblər sırasındadır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə