“Rəqəmsal dövrdə peşəkar medianın rolu strateji xarakter daşıyır” - EKSPERT DANIŞDI

“Media yalnız informasiya yayan vasitə deyil, eyni zamanda cəmiyyətin düşüncə tərzinə, sosial davranışına və ictimai proseslərə münasibətinə təsir göstərən mühüm təsisatdır. Jurnalistlər və media qurumları hadisələrin təqdimat formasını müəyyənləşdirərək ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayırlar”.

Bu sözləri SİA -ya açıqlamasında Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli bildirib.
Onun sözlərinə görə, Hansı mövzuların gündəmdə qalması, hansı problemlərin cəmiyyət üçün prioritet hesab olunması böyük ölçüdə medianın yanaşmasından asılıdır:

”Medianın ictimai rəyə təsiri ilk növbədə gündəm formalaşdırmaq funksiyası ilə özünü göstərir. Kütləvi informasiya vasitələri müəyyən mövzuları ön plana çıxarmaqla insanların diqqətini həmin istiqamətə yönəldir. Bu isə cəmiyyətin hansı məsələləri daha vacib hesab etməsinə birbaşa təsir edir.

Digər mühüm məqam isə hadisələrin təqdimat formasıdır. Media təkcə informasiya vermir, eyni zamanda onu şərh edir, müəyyən çərçivədə təqdim edir. İstifadə olunan ifadələr, vurğulanan məqamlar və seçilən yanaşma ictimai rəyin istiqamətlənməsində mühüm rol oynayır. Bu baxımdan obyektiv və balanslı informasiya cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyır.

Media həmçinin ictimai nəzarət və maarifləndirmə funksiyasını yerinə yetirir. İnsanların məlumatlılığının artırılması, sosial və siyasi proseslər barədə düzgün informasiyanın çatdırılması vətəndaşların daha şüurlu qərarlar verməsinə şərait yaradır.

Müasir dövrdə sosial şəbəkələrin və yeni media platformalarının sürətli inkişafı informasiya mühitini tamamilə dəyişib. Artıq ictimai rəy təkcə peşəkar media vasitəsilə deyil, sosial media istifadəçilərinin yaratdığı məzmun üzərindən də formalaşır. Bununla belə, yeni media alətlərinin artması peşəkar medianın əhəmiyyətini azaltmır, əksinə, onun məsuliyyətini daha da artırır. Çünki sosial şəbəkələr geniş informasiya mübadiləsi imkanı yaratmaqla yanaşı, yanlış və təsdiqlənməmiş məlumatların yayılması riskini də gücləndirir.

Bu səbəbdən rəqəmsal dövrdə peşəkar medianın rolu daha strateji xarakter daşıyır. Obyektivlik, peşəkarlıq və etik prinsiplərə sadiqlik sağlam ictimai rəyin formalaşmasının əsas şərtləri hesab olunur. Peşəkar media cəmiyyətin informasiya təhlükəsizliyini və düzgün məlumatlandırılmasını təmin edən başlıca institutlardan biri olaraq öz aktuallığını qoruyub saxlayır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə