Gəlir fərqləri münasibətlərə necə təsir edir? - SOSİOLOQ

"Gəlir fərqləri tarix boyu insanların münasibətlərinə, dostluq əlaqələrinə, ailə qurmasına və ümumilikdə cəmiyyətdəki mövqelərinə ciddi təsir göstərib. Feodalizm, sosializm və kapitalizm kimi müxtəlif ictimai quruluşlarda maddi imkanlar insanların bir-biri ilə münasibət qurmasında mühüm rol oynayıb".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Bu gün də bunun şahidi oluruq. Adətən imkanlı şəxslər daha çox öz maddi çevrələri ilə dostluq edir, qohumluq münasibətləri qurur, kasıb təbəqə isə daha çox öz sosial çevrəsində münasibətlər formalaşdırır. İstisnalar olsa da, ümumi mənzərə məhz belədir.

Əslində insan insana maddiyyata görə yox, mənəviyyata görə dəyər verməlidir. Təəssüf ki, müasir dövrdə çox zaman insanın xarakterindən, vicdanından və əxlaqından əvvəl onun maddi imkanı ön plana çəkilir. Maddi gücü olan şəxslərə cəmiyyətdə fərqli münasibət göstərilir, onların məclisdə yeri də, sözünün çəkisi də fərqli qəbul olunur. Bəzən məntiqsiz fikirlər belə “dərin məna” kimi qiymətləndirilir, halbuki kasıb bir insan eyni fikri səsləndirsə, çox zaman buna diqqət belə yetirilmir.

Bu fərq toy mərasimlərində, yaslarda və gündəlik münasibətlərdə də özünü açıq şəkildə göstərir. Kasıb bir insan övladına toy edərkən bəzi insanlar sadəcə pul göndərib iştirak etməməyi normal sayır, amma imkanlı şəxsin toyunda iştirak etməyi həm prestij, həm də gələcək münasibətlər üçün vacib hesab edirlər. Halbuki daha doğru yanaşma ehtiyacı olan insanın yanında olmaqdır. Mənəvi dəyərləri üstün tutan insanlar üçün bu fərq olmamalıdır.

Bütün bunlar göstərir ki, gəlir fərqləri təkcə iqtisadi məsələ deyil, həm də sosial münasibətlərə ciddi təsir edən amildir. Təəssüf ki, bəzən insanlar qarşısındakı şəxsin şəxsiyyətinə deyil, maddi vəziyyətinə görə dəyər verir. Halbuki insanın əsl ölçüsü onun sərvəti deyil, vicdanı, əxlaqı və mənəviyyatıdır. Maddi imkanlar dəyişkəndir, lakin insanlığı və mənəvi dəyərləri sabit saxlayan keyfiyyətlər insanı həqiqətən dəyərli edən əsas amillərdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə