İnsanlarda stres, artıq çəki, fiziki və psixoloji narahatlıq yaradan ən böyük səbəb: tələsik yemək

Sürətlə yemək insan sağlamlığına nə dərəcədə zərərlidir? Qidanı qəbul edərkən yavaş və çox çeynəmək lazımdır. Əbəs yerə deyilməyib ki, sağlam olmağın yolu ağızdan başlayır. Yaxşı çeynənən qida mədəyə və bağırsaqlara daha az yük düşməsini təmin edir. Yemək yeyərkən niyə tələsmək olmaz? Bunun səbəbləri və fəsadları nələrdir?
"Tələsik yeməyin bir neçə səbəbləri haqqında danışaq. Yavaş yemək insanı sakitliyə, diqqətə və özünə hörmətə öyrədir. Həzm ağızda başlayır. Yeməyi yaxşı çeynəmədən udanda mədə və bağırsaqlar həddindən artıq yüklənir. Bu, fizioloji səbəbdir. Toxluq siqnalları beyinə 15-20 dəqiqəyə çatır. Tez yesək, lazım olduğundan artıq qida qəbul edirik. Beləcə tələskən yemək qıcqırma, köp, ağırlıq və digər narahatlıqlara səbəb ola bilər. Bu da mədə-bağırsaq problemlərinə gətirib çıxarır. Tələsərək yemək elə bil yarışa çevrilir. Belə ki, orqanizm dadı duya bilmir, beyin isə doyum siqnalını almır. Nəticədə əlavə yemək istəyi yaranır. Bu isə psixoloji səbəbdir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloq vurğulayıb ki, yavaş yemək insanı sakitliyə, diqqətə və özünə hörmətə öyrədir: "Stres içində tələsik yemək kortizolu artırır, bu da qidanın yağ kimi yığılmasına səbəb ola bilər. İştaha və bədən çəkisini tənzimləyən iki əsas hormon var: leptin və qrelin. Bu hormonlar aclıq və toxluq hissini idarə edir. Tələskənlikdə onlar gecikmiş siqnal verir. Beyin düşünür ki, hələ doymamışıq. Yavaş yeyəndə isə bədənimizə qulaq asırıq: "Mənə indi nə lazımdır – şirin, duzlu, yüngül, yoxsa doyumlu?"Tələsik yemək bədənlə əlaqəni kəsir, yavaş yemək isə həssaslığı və güvəni qaytarır.Tələsik yemək stress, artıq çəki, narahatlıq yaradır. Yavaş yemək sağlamlıq, incəlik, enerji deməkdir. İndi seçim və sağlam gələcək sizin əlinizdədir....Elə indi başlayın!", - deyə Y.Əsgərova qeyd edib.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə