Kilsənin rəsmi şəkildə tanınması xüsusi əhəmiyyət kəsb edir

“Bu gün həm Azərbaycan, həm də İsa Məsihin Kilsəsi üçün tarixi əhəmiyyət daşıyan bir gündür. Kilsənin rəsmi şəkildə tanınması və ibadət azadlığının qanun çərçivəsində təmin olunması, ölkəmizdə dini tolerantlıq və vicdan azadlığının inkişafının bariz nümunəsidir. Bu hadisə, dini müxtəlifliyə hörmət və dinlərarası qarşılıqlı anlayışın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar deyib.

O bildirib ki, İsa Məsihin Kilsəsi nisbətən yeni dini təşkilat olsa da, onun Azərbaycanda fəaliyyətə başlaması, ölkəmizin dini plüralizmə açıq və inklüziv siyasət yürütməsinin göstəricisidir. Gələcəkdə bu kilsənin və ona bağlı icmaların sayının artması mümkündür ki, bu da ölkədə dini müxtəlifliyin daha da zənginləşməsinə xidmət edəcəkdir.

Hazırda kilsənin fəaliyyət göstərdiyi bina icarə əsasında istifadə olunur. Bununla belə, təşkilatın əsas məqsədlərindən biri yaxın gələcəkdə Bakıda özünə məxsus, daimi ibadət məkanı yaratmaqdır. Bu addım dini icmaların hüquqlarının qorunması və onların fəaliyyətinin qanuni əsasda təmin olunması istiqamətində mühüm bir mərhələ kimi qiymətləndirilir”.

Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə