“Ailə münasibətlərində psixoloji dəstəyin əhəmiyyəti danılmazdır” - PSİXOLOQ DANIŞDI

“Psixoloji dəstəyin əhəmiyyəti son illərdə cəmiyyətdə daha çox dərk edilməyə başlayıb və bu, çox sevindirici haldır. Həm fərdi, həm də ailə səviyyəsində psixoloji dəstəyə ehtiyac duyulur. İnsan həyatı boyunca müxtəlif çətinliklərlə, gözlənilməz situasiyalarla qarşılaşır. Bu zaman insan bəzən özü ilə bacara bilmir, daxili dünyasında baş verənləri tam şəkildə dərk edə bilmir. Elə hallar olur ki, insan nə düşündüyünü, nə hiss etdiyini belə anlamır və problemlərinin kökünü tapa bilmir. Bu səbəbdən psixoloji dəstək, xüsusilə peşəkar bir psixoloqun köməyi çox önəmli rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, hər bir insanın özünü tanıması, xasiyyətini, qorxularını, bacarıqlarını və zəif tərəflərini anlaması onun həyat keyfiyyətini yüksəldə bilər: “İnsan özünü nə qədər tez tanımağa başlasa, münasibətlərdə, qərarvermədə və çətinliklərlə mübarizədə bir o qədər uğurlu olar. Əks halda, insanlar başqalarını ittiham etməyə, yalnız qarşı tərəfin səhvlərini görməyə meylli olur, öz səhvlərini və töhfələrini isə görmürlər. Bu isə münasibətlərdə ciddi problemlərə gətirib çıxarır.

Ailə münasibətlərində də psixoloji dəstəyin əhəmiyyəti danılmazdır. Cəmiyyətimizdə çox vaxt insanlar böyüklərdən məsləhət almağa çəkinir və ya öz bildikləri ilə hərəkət etməyə üstünlük verirlər. Halbuki hər kəs hər şeyi bilə bilməz. Bu baxımdan, bir mütəxəssisin - yəni ailə psixoloqunun münasibətlərə kənardan baxaraq obyektiv yanaşması, problemi kökündən dəyərləndirməsi və tərəflərə yön verə bilməsi olduqca faydalıdır.

Dünyada artıq bu, normal bir təcrübəyə çevrilib: ailələrin öz psixoloqları olur və mütəmadi olaraq görüşlər həyata keçirilir. Ailə daxilindəki emosional dəyişikliklər, konfliktlər, narahatlıqlar psixoloq tərəfindən erkən mərhələdə müşahidə edilir və vaxtında müdaxilə edilir. Bu isə ailənin davamlılığına, sağlam münasibətlərin formalaşmasına xidmət edir. Nəticə olaraq, psixoloji dəstək təhlükə deyil, əksinə, daxili harmoniya və ailə rifahı üçün bir fürsətdir. Xüsusilə ailə psixoloquna müraciət etmək artıq bir zəiflik əlaməti deyil, əksinə, sağlam münasibətlərə can atmağın və məsuliyyətli yanaşmanın göstəricisidir. Cəmiyyətimizin də bu yanaşmanı qəbul etməsi və psixoloji dəstəyə açıq olması müasir dövrün tələblərindəndir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə