"Ərköyün böyüdülən uşaqlar gələcəkdə sosial və emosional problemlərlə üzləşirlər" - PSİXOLOQ ŞƏRH ETDİ

"Müasir dövrdə valideynlər arasında müşahidə olunan əsas problemlərdən biri uşaqları həddindən artıq ərköyün böyütməkdir. Bu, bir çox hallarda valideynlərin uşaqlarına sevgilərini göstərmək və onları qorumaq istəklərindən irəli gəlir. Lakin psixoloqların fikrincə, bu cür yanaşma uşaqların gələcək həyatına ciddi mənfi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, ərköyün böyüdülən uşaqlar çox zaman sərhəd tanımır, “yox” sözünü qəbul etməkdə çətinlik çəkirlər və nəticədə sosial mühitdə, məktəbdə və gələcəkdə iş həyatında müxtəlif adaptasiya problemləri yaşayırlar: "Uşağın bütün istəklərinin dərhal yerinə yetirilməsi onun reallıqla üzləşməsinə mane olur. Belə uşaqlar düşünürlər ki, hər şey onların istəyinə uyğun olmalıdır. Lakin real həyatda bu mümkün deyil və uşaq böyüdükcə müxtəlif məyusluqlar, rəqabət və çətinliklərlə qarşılaşır. Belə hallarda ərköyün uşaqlar aqressiv davranışlar, emosional partlayışlar, narazılıq və ya depressiv hallar göstərə bilirlər.

Uşağın inkişafında sərhədlərin qoyulması onun psixoloji sabitliyi üçün vacibdir. “Sərhədlər uşağı məhdudlaşdırmaq demək deyil, əksinə, onu həyata hazırlamaq deməkdir. Uşaq müəyyən qaydaların, gözləmələrin və nəticələrin olduğunu anlamalıdır. Əgər bu sərhədlər uşaqlıqdan öyrədilmirsə, o zaman həmin uşaq böyüdükcə məsuliyyətdən qaçmağa, tənqidə qarşı dözümsüz olmağa və eqoist davranmağa meyilli olur".

Psixoloqun sözlərinə görə, ərköyün uşaqlar gələcəkdə həm iş, həm də şəxsi münasibətlərdə çətinliklər yaşayırlar. Çünki belə fərdlər çox zaman kompromisə getməyi, paylaşmağı və empatiya göstərməyi bacarmırlar: "Nəticədə onlar kollektivdə öz yerini tapmaqda çətinlik çəkir, həmyaşıdları ilə ünsiyyət problemi yaşayır, münasibətlərdə isə qarşı tərəfin hisslərinə həssas yanaşmırlar. Uşaqların tərbiyəsində balansı qorumaq ən vacib məqamdır. Valideyn nə qədər sevgi və diqqət göstərirsə, bir o qədər də qayda və məsuliyyət hissini aşılamağa çalışmalıdır. Əsl sevgi uşağın hər istəyini yerinə yetirməkdə deyil, onun həyata hazır, dözümlü və müstəqil fərd kimi formalaşmasında öz əksini tapır.

Uşaqlarına səbrli olmağı, istədiklərinə nail olmaq üçün çalışmağı, paylaşmağı və başqalarının hisslərinə hörmətlə yanaşmağı öyrətsinlər. Bu keyfiyyətlər uşaqların həm emosional dayanıqlığını, həm də gələcək həyatdakı uğurlarını müəyyən edir. Nəticə etibarilə, uşaqları ərköyün böyütmək qısamüddətli rahatlıq və sevgi görüntüsü yaratsa da, uzunmüddətli perspektivdə onların psixoloji sağlamlığına və sosial münasibətlərinə ciddi zərbə vurur. Sağlam cəmiyyətin formalaşması üçün isə uşaqların məsuliyyətli, empatik və müstəqil düşünən fərdlər kimi yetişdirilməsi zəruridir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə