“Zəfərin izi ilə” veloyürüşünün final mərhələsi Xankəndidə keçirilib - FOTOLAR

Noyabrın 12-də Xankəndi şəhərində “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağa veloyürüş – Zəfərin izi ilə” layihəsinin final mərhələsi baş tutub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yarışın məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, azad olunmuş ərazilərdə idmanın inkişafına dəstək olmaq və Qarabağda sosial-iqtisadi dirçəlişə töhfə verməkdir.

Final mərhələsi Xankəndidəki Zəfər meydanında təşkil olunub. Veloyürüş iştirakçılarını Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. Yarış iştirakçıları arasında Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Milli Qəhrəman, general-polkovnik Mədət Quliyev də olub.

Tədbirdə vurğulanıb ki, “Qarabağa veloyürüş - Zəfərin izi ilə” layihəsi təkcə idman yarışı deyil, həm də Azərbaycanın dövlətçilik ənənələrinin, milli həmrəyliyin və Zəfərin rəmzidir. "Gənc Peşəkar Velosipedçilər Klubu”nun nümayəndələri bildiriblər ki, bu kimi tədbirlər gələcəkdə də keçiriləcək və Azərbaycanın müxtəlif bölgələrində velosiped idmanının inkişafına, eləcə də gənclərin sağlam həyata yönləndirilməsinə xidmət edəcək.

Sonda fəal veloyürüş iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə