“Evdə turşu qoymaq qida mədəniyyətinin “mədəniyyətsizliyidir”" - MÜTƏXƏSSİS DANIŞDI

“Evdə turşu qoymaq Azərbaycanda qida mədəniyyətinin “mədəniyyətsizliyidir”. Azad İstehlakçılar Birliyi olaraq bu təhlükənin qarşısını almaq üçün illərdir müxtəlif layihələr həyata keçirilib. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən qrantlar alınaraq bölgələrdə ailələrlə təlimlər keçirilib. Bu təlimlərdə ev şəraitində şoraba qoymanın təhlükələri izah edilib, alternativ olaraq təhlükəsiz üsullarla necə hazırlanması göstərilib, sənaye üsulu ilə hazırlanmış, sertifikatlı şorabaların üstünlükləri vurğulanıb”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

E.Hüseynov bildirib ki, əsas məqsəd bu ənənənin, yəni evdə qeyri-gigiyenik şəraitdə turşu qoyma vərdişinin tamamilə aradan qaldırılmasıdır: “İnsanlara aydın olmalıdır ki, bu ənənə artıq zərərli və təhlükəli bir vərdişə çevrilib. Çünki torpaqla təmasda olan məhsullarda mikroorqanizmlər olur, ev şəraitində sterilizasiya imkanları yoxdur, turşuların tərkibində istifadə olunan sirkə və duzun miqdarı düzgün nizamlanmır, plastik qablar zərərli maddələr yayır.

Zəhərlənmə hallarının statistikası göstərir ki, bir çox hadisə evdə hazırlanmış şorabalarla bağlı olur. Xüsusilə toy, yas və digər mərasimlərdə. Bu təhlükənin qarşısının alınması üçün isə qanunvericilikdə dəyişikliklər edilməli, evdə hazırlanmış məhsulların satışına nəzarət gücləndirilməli, maarifləndirmə işləri davam etdirilməlidir. Bu çıxışda əsas fikir ev şəraitində hazırlanmış şorabaların (turşuların) sağlamlıq üçün təhlükəli olduğu və bu ənənənin tədricən azaldılmasının vacibliyidir. Aşağıda bu fikirlərin daha geniş şəkildə izahını veririk:

Hazırda Azərbaycan bazarında və xüsusilə kənd təsərrüfatı məhsullarının satıldığı yerlərdə evdə hazırlanmış, nəzarətsiz şorabaların satışı geniş yayılıb. Plastik butulkalarda, təmizlənməmiş şəraitdə, üzərinə sirkə əlavə edilməklə saxlanılan bu məhsullar sanitar baxımdan çox təhlükəlidir. Belə məhsullar xüsusilə kəndlərdə hazırlanıb, şəhərin daxili marketlərinə, meyvə-tərəvəz dükanlarına da yayılır. Bir sözlə, istehlakçılar sənaye üsulu ilə hazırlanmış təhlükəsiz məhsullara yönləndirilməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə