“Gənclər bu mənzərəni görərək, ailə institutuna qarşı inamı itirirlər” - PSİXOLOQ FİKRİ
“Müasir dövrdə ailə quran gənclərin əvvəlcədən müəyyən həyat və ailə təcrübəsi toplamaları, sonradan qurulan ailələrin daha sağlam və uzunömürlü olmasına müsbət təsir göstərir. Ailə qurmazdan əvvəl şəxsin özünü və qarşı tərəfi daha yaxşı tanıması, münasibətlərdəki potensial çətinliklərə qarşı hazırlıqlı olması, nəticədə həm ailə daxilində qarşılıqlı anlaşmanı artırır, həm də övlad tərbiyəsində daha düzgün yanaşmaların tətbiqinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, təəssüf ki, bəzi gənclər ailə qurarkən yalnız hiss və emosiyalara əsaslanaraq qərar verirlər: “Bu zaman qarşı tərəfi tam anlamadan, onunla birgə həyatın məsuliyyətini və çətinliklərini düşünmədən ailə qurmaq, sonradan ciddi narazılıqlara və nəticə etibarilə münasibətlərin pozulmasına səbəb olur. Digər tərəfdən, münasibətləri sırf maddi və ya praktiki nəticələr üzərində quran cütlüklər isə sevgi və anlayış çatışmazlığından əziyyət çəkə bilirlər.
Müasir gənclər arasında ailə qurmaq istəyinin gecikməsi və ya bu istəyə qarşı tərəddüd yaranması da müşahidə olunur. Bunun əsas səbəblərindən biri də artan boşanma halları, travmatik ailə təcrübələrinin çoxalması və sosial mühitin təsiridir. Gənclər bu mənzərəni görərək, ailə institutuna qarşı inamı itirirlər. Lakin sağlam bir ailə qurmaq üçün ilk addım fərdi olaraq münasibətlərə və ailə həyatına dair bilik və şüurun formalaşmasıdır. Gənc insan ailə həyatına dair ətrafındakı təcrübələrdən öyrənməli, eyni zamanda qarşı tərəflə ünsiyyətdə səmimi və açıq olmalıdır. Hər iki tərəf bir-birinin xarakterini qəbul etməyi və uyğunlaşmağı bacarmalıdır.
Övlad dünyaya gəldikdən sonra isə ailə daxilindəki münasibətlərin səviyyəsi birbaşa uşaq tərbiyəsinə təsir edir. Ailədəki anlaşılmazlıqlar, dominantlıq meyilləri, ya da uşaq üzərində yanlış cəza və ya mükafat mexanizmləri, onun şəxsiyyətinin formalaşmasında mənfi rol oynaya bilər. Bu baxımdan, uşaqlara qarşı fiziki yox, mənəvi tərbiyə və cəzalandırma metodları tətbiq edilməli, eyni zamanda onların yaxşı davranışları da mükafatlandırılmalıdır. Beləliklə, uşaqda sağlam davranış modeli formalaşar və bu da onun gələcək həyatına müsbət təsir edər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB