BDYPİ sürücüləri sürət həddinə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb

Yollarda baş verən ağır nəticəli qəzalara səbəb olan əsas amillərdən biri yüksək sürətdir. Müşahidələr göstərir ki, sürət həddinin aşılması nəticəsində baş verən qəzaların bir çoxu faciəvi sonluqla bitir. Sürət həddinin müəyyən edilməsində məqsəd nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Hər bir yol sahəsi üçün müəyyən edilən sürət limiti həm yolun texniki xüsusiyyətləri, həm də təhlükəsizlik tələbləri nəzərə alınmaqla müəyyən olunur. Lakin bəzi sürücülər bu qaydaları pozaraq, yüksək sürətlə hərəkət etməklə təkcə öz həyatlarını deyil, digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atırlar. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.

Bildirilir ki, yüksək sürətlə hərəkət zamanı sürücünün reaksiyası üçün tələb olunan vaxt azalır, əyləc məsafəsi isə əksinə, bir neçə dəfə artır. Bu isə qəzanın qarşısını almağı demək olar ki, mümkünsüz edir. Nəticədə bir anlıq ehtiyatsızlıq bəzən bir ailənin faciəsinə çevrilir.

BDYPİ bütün sürücülərə bir daha müraciət edərək, sükan arxasında məsuliyyətli davranmağa, sürət həddinə və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə