Zəfər Günü Strasburqda təntənə ilə qeyd olunub

Strasburqda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu şəhərdə və ətraf bölgələrində yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Avropa Şurası yanında daimi nümayəndə, səfir Fəxrəddin İsmayılov 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbənin Azərbaycan xalqının milli gücü və birliyinin əbədi rəmzi olduğunu bildirib. 30 ilə yaxın davam edən işğal dövründə xalqımızın tarixin sınağına çəkildiyini xatırladan daimi nümayəndə qarşılaşdığımız haqsızlıq və çəkdiyimiz iztirabların millətimizin iradəsini sındıra bilmədiyini və işğal olunmuş torpaqlarımıza, Qarabağa dönmək arzusu və inamını heç zaman sarsıtmadığını söyləyib.

Daimi nümayəndə vurğulayıb ki, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əzmkar liderliyi və qətiyyətli rəhbərliyi, Azərbaycanın rəşadətli Ordusunun misilsiz qəhrəmanlığı, şəhidlərimizin canı və qanı, xalqımızın sarsılmaz birlik və bərabərliyi sayəsində məruz qaldığımız işğala, haqsızlığa son qoyulub. F. İsmayılov əlavə edib ki, 2023-cü ilin sentyabr ayında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə fədakar silahlı qüvvələrimiz növbəti dəfə qəhrəmanlıq nümayiş etdirərək, Azərbaycan torpaqlarında erməni sepatizminə birdəfəlik son qoyub.

Səfir eyni zamanda ötən beş il ərzində dövlətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri barədə məlumat verib. Bildirib ki, minlərlə keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıtdığını və bu gün artıq 60 mindən çox soydaşımızın azad edilmiş torpaqlarda yaşayıb, çalışıb və təhsil aldığını qeyd edib.

Daha sonra tədbirdə azərbaycanlı musiqiçi Kamran Qaralov tərəfindən hazırlanmış musiqi proqramı təqdim olunub və tədbir boyu Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə