Göyçaylı qazi nikahını Zəfər Günündə rəsmiləşdirdi

8 Noyabr — Zəfər Günü münasibətilə Göyçayda möhtəşəm və duyğulu anlarla yadda qalan təntənəli tədbir keçirilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon sakinləri iştirak ediblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin fədakarlığını, qazilərin igidliyini xüsusi vurğulayıb. Həmçinin dövlətimizin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, doğma torpaqlarda həyatın yenidən canlanmasından danışıb.

Tədbirdə duyğulandırıcı məqamlar da yaşanıb. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş göyçaylı qazi Rüstəm Məmmədov Zəfər Günündə öz nikahını rəsmiləşdirib. Gəlin Qumru Dadaşova ilə birgə səhnəyə dəvət olunan cütlüyün nikah mərasimini Rayon Qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova aparıb.

Çıxış edənlər yeni cütlüyə ailə səadəti arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə