"Qlütensiz və şəkərsiz məhsulların populyarlaşması həm marketinq tendensiyası, həm də müəyyən hallarda sağlamlıq üçün real fayda ilə bağlıdır" . Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

Onun sözlərinə görə, amma bu yanaşma hər kəs üçün eyni dərəcədə effektiv deyil, çünki fayda daha çox xüsusi sağlamlıq vəziyyətlərində ortaya çıxır: "Qlütensiz məhsullar, xüsusilə çölyak xəstəliyi və ya qlütenə qarşı həssaslığı olan insanlar üçün həyati əhəmiyyət daşıyır. Bu halda qlütenin qəbulu bağırsaqlarda ciddi zədələnmələrə səbəb ola bilər. Sağlam insanlarda isə qlüteni tamamilə çıxarmağın tibbi əsaslı üstünlüyü sübut edilməyib. Əksinə, qlütenli məhsullar, xüsusən də tam buğda çörəyi, lif və vitaminlərlə zəngin olur. Buna baxmayaraq, marketinqdə qlüten çox vaxt “təhlükəli maddə” kimi təqdim olunur və bu da geniş kütlənin diqqətini cəlb edir. Halbuki əksər insanlar üçün qlüteni məhdudlaşdırmaq zəruri deyil.
Şəkərsiz məhsullar xüsusən diabet xəstələri və pəhriz saxlayan şəxslər üçün qan şəkərinin sürətli yüksəlməsinin qarşısını almaqda faydalı ola bilər. Şəkər əvəzediciləri (stevia, sukraloza, aspartam) daha az kalori verdiyi üçün bəzi hallarda üstünlük təşkil edir. Lakin bu cür məhsulların uzunmüddətli istifadəsi bəzi insanlarda mədə-bağırsaq narahatlıqları, məsələn, şişkinlik və qaz problemi yarada bilər. Bundan əlavə, "şəkərsiz" etiketli məhsullar bəzən fruktoza və ya digər gizli karbohidratlarla zəngin olur. Psixoloji cəhətdən insanlar bu məhsulları daha “zərərsiz” hesab etdiklərinə görə onları həddindən artıq istifadə edə bilirlər.
Mütəxəssislərin fikrincə, sağlamlıq baxımından qlütensiz və şəkərsiz məhsullar yalnız xüsusi tibbi göstəriş olduqda real fayda verir. Marketinq baxımından isə qida sənayesi bu trendləri geniş auditoriyaya təqdim etməklə satışları artırır və çox vaxt “sağlam” imicini reklam strategiyasının bir hissəsi kimi istifadə edir. Ən sağlam yanaşma isə balanslı və təbii qidalanmadır. Tərəvəz, meyvə, balıq, çərəzlər və müxtəlif dənli məhsulların uyğun miqdarda istifadəsi daha etibarlı seçim hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB