Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb. AKTİ-dən SİA-ya verilən məlumata görə, bəyanatda bildirilib ki, Azərbaycan gəncləri və könüllüləri 8 Noyabr - Zəfər Gününü dərin qürur hissi ilə qeyd edirlər. Vahid amal ətrafında birləşən xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və Ordumuzun şücaəti sayəsində beş il öncə əldə olunan tarixi Qələbə Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunub:”Beynəlxalq hüququn təntənəsini təcəssüm etdirən bu Qələbə ilə xalqımız 30 ilə yaxın davam edən işğal və ədalətsizliyə son qoyub. Azərbaycan artıq qalib ölkə, biz isə onun qalib gəncləriyik. Bu Qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, sağlamlığını itirmiş qəhrəmanlarımıza şəfa diləyirik”.

Vurğulanıb ki, tarixi Zəfərimiz, eyni zamanda, xalqımızın doğma torpaqlarına qayıdışının, genişmiqyaslı yenidənqurma və dirçəliş dövrünün başlanğıcıdır. “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik məfkurəsi ilə böyüyən, dövlətimizin və dövlətimizin başçısının ətrafında birləşən gənclər şanlı Zəfərə aparan yolda istər döyüş meydanında, istərsə arxa cəbhədə hər zaman ön sıralarda idi. Dövlətimizin başçısının söylədiyi kimi, “On minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq”. Bu gün biz gənclər Böyük qayıdış və yenidənqurma prosesinin də aparıcı qüvvəsi olmaqdan qürur duyuruq. Artıq on minlərlə vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə yaşayır və çalışır. Bu insanların böyük əksəriyyətini məhz gənc nəsil təşkil edir”.

Eyni zamanda, bəyanatda Zəfərin beşinci ildönümünü qeyd edilərkən, bölgədə ədalətli sülhün və sabitliyin bərqərar olması istiqamətində atılan mühüm addımların alqışlandığı qeyd olunub:”Prezident İlham Əliyev həm müharibənin qalibi, həm də sülh gündəliyinin müəllifi kimi bizlərə öz nümunəvi liderliyini bir daha nümayiş etdirib. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində regionda, nəhayət, əmin-amanlıq və davamlı inkişaf üçün möhkəm zəmin yaranıb. Bu, ölkəmiz və bütün Cənubi Qafqaz regionu üçün yeni tarixi dövrün başlanğıcı deməkdir. Zəfər bizim üçün sadəcə qalib xalqın qürur mənbəyi deyil, həm də təhlükəsiz və parlaq gələcəyə yönələn çağırışdır. Biz, Azərbaycan gəncləri və könüllüləri, bu çağırışı qəbul edir və yeni tarixi dövr üçün üzərimizə düşən missiyanı lazımınca dərk edir, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı, ərazi bütövlüyü və suverenliyinin əbədi olaraq təmin edilməsi üçün öz üzərimizə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirməyə hazır olduğumuzu bəyan edirik”, - deyə bəyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə