"Kənd məhsulları" adı altında satılan qidalar nə dərəcədə təhlükəsizdir? - EKSPERT AÇIQLADI
Paytaxtda kənd məhsulları adı ilə yol kənarında maşınların baqajında toyuq, yumurta qatıq və süd satılır və mütəmadi olaraq açıq havada qalır. Bu məhsullar insan orqanizmi üçün nə dərəcədə sağlamdır?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, bölgələrə səfər etdikdə, xüsusilə istirahət və turizm məqsədilə ölkə daxilində hərəkət edən yerli turistlərin yol boyunca müxtəlif məhsulların satışı ilə qarşılaşması adi haldır:
"Yol kənarlarında müvəqqəti qurulmuş köşklərdə, avtomobil baqajlarında və ya sadə stendlərdə tez-tez müxtəlif növ qida məhsulları, o cümlədən vəhşi ov heyvanlarının əti, ev quşları, bal, süd məhsulları, qurudulmuş meyvələr, tərəvəzlər və digər orqanik kənd təsərrüfatı məhsulları təklif olunur. Bu məhsulların görünüşü və “təbii” adı ilə təqdim olunması alıcıların diqqətini cəlb etsə də, onların təhlükəsizliyi ilə bağlı ciddi suallar meydana çıxır.
Əvvəla, bu cür açıq havada, qeyri-rəsmi şəkildə satılan məhsulların mənşəyi çox zaman bilinmir. Həmin məhsulların hansı şəraitdə yetişdirildiyi, saxlandığı, emal olunduğu və nə qədər müddət əvvəl hazırlandığı barədə heç bir məlumat təqdim edilmir. Bu isə həmin məhsulların gigiyenik normalara nə dərəcədə cavab verdiyi ilə bağlı narahatlıqları artırır.
Digər tərəfdən, bu məhsullar heç bir müvafiq laborator analizlərə cəlb olunmadan, sanitar-epidemioloji nəzarətdən keçmədən satışa çıxarılır. Nəticədə, məhsulun üzərində "təbii" və ya "orqanik" yazılması onun təhlükəsiz olduğunu sübut etmir. Əksinə, bəzi hallarda bu cür qeyri-qanuni satışlar qida zəhərlənmələrinə, yoluxucu xəstəliklərin yayılmasına və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bəzi istehlakçılar payız və qış aylarında havaların soyumasını nəzərə alaraq açıq havada satılan məhsulların daha az risk daşıdığını düşünə bilər. Lakin bu, çox təhlükəli bir yanılmadır. Çünki hava şəraitindən asılı olmayaraq, düzgün saxlanılmayan və nəzarətsiz şəraitdə satılan hər hansı məhsulun insan sağlamlığı üçün təhlükə yaratmaq ehtimalı yüksəkdir. Xüsusilə, tez xarab olan süd məhsulları, ət və quş əti kimi məhsullar ciddi risk daşıyır və onların düzgün temperaturda saxlanılmaması zərərli bakteriyaların yaranmasına səbəb ola bilər.
Bu səbəbdən, istehlakçılar hər zaman diqqətli olmalı, nə yediyini və haradan aldığına xüsusi önəm verməlidirlər. Dövlət qurumları da bu kimi hallara qarşı nəzarəti gücləndirməli, yol kənarında və digər qeyri-qanuni satış nöqtələrində təbii və ya orqanik adı ilə satılan məhsulların yoxlanmasını təmin etməlidirlər. Həmçinin, maarifləndirici tədbirlərlə əhalidə qida təhlükəsizliyi ilə bağlı biliklərin artırılması vacibdir.
Unutmayaq ki, sağlam həyat tərzi yalnız düzgün qidalanmaqla deyil, eyni zamanda təhlükəsiz və nəzarətli mənbədən qidalanmaqla mümkündür. Təbii görünən hər məhsul sağlam deyil, hər orqanik məhsul isə təhlükəsiz deyil. Seçim edərkən yalnız qiymətə və görünüşə deyil, məhsulun mənşəyinə və etibarlılığına da diqqət yetirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə